İstər I Qarabağ istərsə II Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərməklə şəhidlik zirvəsinə ucalan və 44 günlük Vətən müharibəsində cəsarətlə vuruşan, rayonunun Alaşa kəndinin qəhrəman övladlarından biri də Nihad Fuad oğlu Əhmədovdur.

O, 2000-ci il iyun ayının 9-da anadan olub.2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinifini, və 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin ili Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub. Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində- düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayır. 2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov son dərəcə hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, “Həmlə” taborunda xidmətə başlayır.

27 sentyabr 2020-ci il işğalçı erməni ordusuna qarşı əks hücum əməliyyatı zamanı döyüşə atılan igid əsgərlərimizdən biri də Nihad Fuad oğlu Əhmədov olub. Döyüş yolu Tərtər, Ağdərənin Talış kəndindən başlayan Nihad  Murovdağ zirvəsi Suqovuşanın azad olunmasında gedən qızğın döyüşlərin fəal iştirakçısı kimi “Qlobus” koordinatı deyilən yüksəklikdə düşmənlə üz-üzə gələrək əlbəyaxa döyüşdə şəxsi nümunə göstərmiş, düşmənin döyüş mövqeyini darmadağın edərək ona məxsus olan texnikanı və çoxlu sayda canlı qüvvəsini döyüş yoldaşları ilə birgə məhv etmiş sonralar Zəngilanın, Kəlbəcərin düşməndən alınmasında iştirak etmiş, igidliklə vuruşmuş və “Pişikqaya” deyilən strateji  əhəmiyyət daşıyan yerin alınmasında igidliklə vuruşmuşdur.

Oktyabr ayının 10-da şəhidlik zirvəsinə ucalan qəhəman ayın 11-də Alaşa kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin atası Fuad anası Elnarə xanım və nənəsi Sübiyə nənə ilə görüşdük. Onların dediyinə görə oğulları Nihad şəhid olmamışdan bir gün qabaq evə zəng vurub anası ilə söhbət edib və deyib ki, “Ana mən hələlik sağ-salamatam düşmənləri torpağımızdan məhv edərək qovuruq. Onlar qabağımızda tab gətirə bilməyib qaçırlar, tezliklə qələbə bizimlədir.”

Ana göz yaşları içində  oğlunun son dəfə dediyi sözü də təkrarladı: “Ana mən döyüşə yox, elə bir toya gedirəm. Şəhid olsam, qardaşımdan muğayat olun,özünüzü qoruyun.”

-Sonralar məlum oldu ki, oğlum Kəlbəcərin “Qaranlıq meşə” deyilən yerində 3 gün düşmən mühasirəsində olub və mühasirəni yararaq döyüş yolunu davam edib,- deyə dillənən ,ürəyinə dağ dəymiş ana qamətini dikəldərək oğlu ilə fəxr etdiyini bildirdi.

Bəli,biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək oldu. Bundan sonra da örnək olacaqdır.

Fəxrəddin Məhərrəmov