Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfər edib.
Astarainfo.az xəbər verir ki, dövlətimizin başçısına rayonda görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki,regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir.
Dövlətimizin başçısı regionlara müntəzəm səfərlər edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.
– İstifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir. Sağlam həyat tərzinə və idmanın inkişafına Azərbaycanda xüsusi diqqət yetirilir. Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir. Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var.
Dövlət başçısı bildirib ki, Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan istifadə etməlidir. Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir.
Qeyd edilib ki,kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülüb. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur.
– Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.
Azərbaycan iqtisadiyyatının inkişafından danışarkən qeyd olunub ki,altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq;
Qeyri-neft sektoru davamlı inkişaf edir. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz.
Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq.
Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin şəkildə azalacaq, Azərbaycan daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış olacaq və eyni zamanda, ixrac imkanları da yaranacaq.
Azərbaycanın mədənləri qanunsuz istismar edilib. Uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, cinayətdir və bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir.
Valyuta ehtiyatlarının artımı çox vacib məsələdir. İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, – çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, – bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir.
Prezident İlham Əliyev onu da qeyd edib ki,lazım olmayan layihələrə investisiya edilməyəcəkdir. Azərbaycan lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə investisiya etməyəcəkdir. Biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik.
Bütün xərclərə nəzarət mövcuddur. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır. Bütün dövlət məmurları hər manata qənaət etməlidirlər.
Ehtiyac olarsa, xarici dövlət borcumuzu sıfırlaya bilərik. Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Bu, onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu, onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq;
İxrac 15 faiz artıb. Bu çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.
Xarici ticarət haqqında danışarkən o, bildirib ki,ilk 6 ayda xarici ticarətin müsbət saldosu 3,4 milyard dollardır. Belə davam edərsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək.
Ermənistan indi xarici borc içində boğulur. Onların xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxıbdır. Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir, təqribən 8-9 milyard dollar. Amma əgər bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir. Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən dərəcədə daxili məzənnənin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Yəni, sərbəst vəsait yoxdur. Fərq bundadır.
Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Bunlar dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına mümkün olub. Biznes qurumlarına vaxt verilmişdir, onlara tövsiyələr edilmişdir ki, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq.
Ölkə başçısı işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi haqqında xüsusi əhəmiyyətli planda nəzərdə tutulan işləri diqqətə çatdırıb. O ,bildirib ki, Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır.
Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər – qış da oktyabr ayında gələcək, – oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Avropa İttifaqı ilə əməkdaşlıq haqqında danışarkən ölkə prezidentimiz bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri siyasi əlaqələrin inkişafına xidmət göstərən bir səfərdir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa İttifaqının rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel – yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir.
Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır – ticarətimizin təxminən 40 faizi. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır. Onlarla da bizim müsbət saldomuz var.
Son vaxtlar Avropa İttifaqı nəqliyyat sektoruna çox böyük önəm göstərir. Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir. Ancaq Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu çəkilişinin təşəbbüsünü irəli sürəndə Avropa bizi dəstəkləmədi. Amerika nəinki dəstəkləmədi, bunun əleyhinə çıxdı. Ancaq bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.
Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir. Ermənistanın məyusluğu davam edəcək. Onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə razılaşmaq olmaz. Biz hesab edirik ki, bu, bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır.
Azərbaycanın Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın edib. Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar.
Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra – 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Qanuni şəkildə ləğv edib. Onun səlahiyyəti çatırdı buna.
Bu süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribatdır.Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi – Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Dəqiq bilirik orada maksimum 25 min adam yaşayır. 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.
O ,Ermənistanın hazırda yürütdüyü siyasəti Beynəlxalq riyakarlıq adlandırıb.Prezident İlham Əliyev bildirib ki, mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır. Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.
Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.
Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib. Əlbəttə bu, ədalətsizdir. Ona görə bu məsələlər gərək gündəlikdən düşməsin.
Azərbaycan bütün məsələlərdə konseptual və ədalətli yanaşma sərgiləyir. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.
Ölkə başçısı çıxışı zamanı pandemiya ilə mübarizədə Azərbaycanın beynəlxalq təşəbbüsləri haqqında da danışıb. O qeyd edib ki,Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq. Zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik. Bütün bu amillər və əlbəttə ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da artırdı. Üzv ölkələr gördülər ki, biz nəyi deyiriksə, onu da edirik.
Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var. Bu, çox önəmlidir. Hazırda yeddi yol xəritəsi üzərində işlər aparılır. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Nəqliyyat məsələləri ilə bağlı olan yanaşmalarda fikir ayrılığı yoxdur. Biz – Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur.
Bütün tərəfmüqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın güclü daxili potensialı var. Azərbaycan düzgün siyasət aparır. Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik.
Bütün sahələrdə olduğu kimi postmüharibə dövrü ilə bağlı da konseptual yanaşmamız var. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq. Postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə,-deyə o, çıxışını yekunllaşdırıb.
Astarainfo.az