Noyabrın 17-də Astara şəhər 1 nömrəli tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində boks üzrə tanınmış astaralı idmançı və məşqçi Nurlan Məmmədov və onun yetirməsi Məhəmmədəli Qasımzadə ilə məktəblilərin görüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov və İdarənin rəis müavini İqrar Cəfərov tədbirin əhəmiyyətindən danışaraq, hər iki idmançının Azərbaycan idmanına verdikləri töhfələrdən danışıb, onlara yeni-yeni qələbə sevincləri arzulayıblar.

Qeyd olunub ki, Azərbaycan idmanının tanınmış simalarından olan, hazırda məşqçi fəaliyyətin davam etdirən, Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuş Nurlan Məmmədov boks üzrə Dünya birinciliyinin bürünc və Avropa birinciliyinin gümüş mükafatçısıdır.

Görüşdə iştirak edən digər idmançı-Astara rayonunun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmmədəli Qasımzadə Nurlan Məmmədovun yetirməsidir. O, boks üzrə rayon, respublika və beynəlxalq yarışlarda yüksək nəticələr qazanıb.

Məhəmmədəli Qasımzadə boks üzrə Avropa birinciliyinin qızıl və gümüş mükafatçısıdır.

Görüşdə çıxış edən idmançılar Respublika və Beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.