Arzuladı, istəyinə də çatdı
O, 1994-cü il iyulun 11 Ərçivan qəsəbəsində kasıb, zəhmətkeş bir ailədə doğulub. Ağıllı, sakit zəhmətkeş bir uşaq kimi də böyüyüb yaşa dolub. Atası Malik oğlu ilə həmişə qürur duyardı. Evlərdə işləməklə gündəlik çörək pulu qazanan bu zəhmətkeş ata tez-tez “bilirsiniz, Əli gələcəkdə nə olacaq” və yaxud da arada “heyf Əlidən, heyf”, – deyərdi. (Bəlkə də atası öncədən hiss edib ki, oğlu gələcəkdə elə mərtəbəyə yüksələcək və adını da ucaldacaq)
Ərçivan qəsəbə 2 saylı tam orta məktəbini bitirən Əli yaşıdları kimi hərbi xidmətə yollanır. Düşmənə qonşu olan Ağdamda özünü nümunəvi, nizam intizama əməl edən bir əsgər kimi tanıtdığına görə qərargah rəisi tərəfindən xidməti ən yüksək səviyyədə yazılmış xasiyyətnamə və valideynlərinə təşəkkür məktubu ilə dəyərləndirilir.
Hərbi xidmətini uğurla başa vuran Əli Feyziyev bir müddət valideynlərinin yanında qalandan sonra Bakıda marketlərin birində işə düzəlir. 5 il tanımadığı şəhərdə çalışqanlığı və səbri ilə böyük hörmət qazanır. Atasının qəfil ölümünü eşidəndə anasına və özündən kiçik hərbi xidmətdən yenicə qayıdan qardaşına dayaq olsun deyə doğulduğu torpağa-Ərçivana qayıdır. “Astara-Ərçivan” marşrutunda işə düzəlir. Həyat öz axarı ilə davam edərkən Vətən Müharibəsi başlanır.
Hələ Tovuz hadisələrində Ordumuzun təxribatçı düşmənə layiqli cavab verməsini və şəhidlərimizin olmasını eşidəndə Əli də “könüllü orduya gedəcəyəm”, – deyə düşündüyündən Vətən Müharibəsi başlananda Hərbi Komissarlığa könüllü müraciət etmişdi. Vətənin ərazi bütövlüyünün qorunmasından ötrü sevinclə ön xətdə yollanmışdı. O zaman qəzetimiz üçün ondan müsahibə götürəndə “Vətən uğrunda döyüşməyə, düşmənin başını əzməyə gedirəm” deyə – söyləmişdi.
26 yaşlı gənc hərbi xidmətdə olduğu kimi müharibədə də intizamlı, fədakar, döyüş dostlarının qayğısına qalan əsgər kimi seçilir. Döyüş tapşırıqlarından əlavə, lazım gəldikdə döyüş yoldaşları üçün əldə etdikləri heyvanı kəsib yemək bişirməsi, döyüşçülərin qayğısına qalması, döyüş meydanında qorxmadan yaralı əsgərləri çiynində daşıması ilə hər kəsin məhəbbətini qazanır. Rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca Əli sevinir, “tezliklə qələbə bizim olacaq”,- desə də əfsuslar olsun ki, qələbəyə iki gün qalmış snayper gülləsindən ağır yaralanır və həyatını xilas etmək mümkün olmur. O, ailəsi ilə telefonla danışanda od alovun içində olsa belə “ qətiyyən darıxmayın tezliklə qələbə ilə qayıdacağam”,- deyərək onların narahat qəlbini sakitləşdirərdi.
Əli qayıtdı, özü də arzuladığı şəhidlik zirvəsi ilə. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə Əli Feyziyev ağır yaralanmış, şəhidlik zirvəsinə ucalıb.
Qırx yaşında həyat yoldaşını itirmişRəvayət ana və şəhidin həyat yoldaşı 26 yaşlı Afəqla – dərdli insanlarla üzbəüz söhbətləşmək necə də ağır keçdi. Onlar özlərini ağır yükün altında hiss etsələr də baxışlarından qürur duyulurdu. Hər şeydən xəbərsiz halda Ayxan bacısı Mələklə oyuncaqları ilə gülə-gülə oynamaqda idi.
Rəvayət ananın dediklərindən:
– Balam uşaqlıqdan çox zəhmətkeş böyüyüb. O, müharibədə də çox xeyirxah işlər görüb. Döyüş dostları onun yas məclisində oğlumun hər işə yararlı olmağından danışanda gözlərim yaşarsa da, belə oğul böyütdüyümə görə fəxr elədim. Bir dəfə telefonda Əlidən nə vaxt gələcəyini soruşanda o “ana haqqınızı halal edin”, – deyib susmuşdu. Ondan sonra da xəbər ala bilmədik.
Balam özü seçdi şəhidliyi, istəyinə də çatdı. Allah dövlətimizdən, xalqımızdan, bizə dəstək olan hər kəsdən razı olsun!
Orduya könüllü gedən və şəhidlik zirvəsinə ucalan Əli Feyziyev ilə qürur duyan Afaq qəlb ağrıdıcı söhbətimizi beləcə tamamladı:
– Əlidən mənə əmanət qalan iki körpəsinə həm ana, həm də ata məhəbbəti, nəvazişi göstərmək üçün ömrümü onlara sərf edəcəyəm.
Əli Malik oğlu Feyziyev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”,və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
//Astaraonfo.az