Astara rayonu ölkənin aqrar rayonları sırasına daxildir. Rayonun iqtisadiyyatında
tərəvəzçilik, meyvəçilik, çayçılıq, heyvandarlıq aparıcı rol oynayır.
Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün
rayonumuzda əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin
yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf
etdirilməsini zəruri edir.
Rayon statistika idarəsindən Astarainfo.az -a verilən məlumata əsasən 2022-ci ildə rayonda 4970,2 hektar meyvə və giləmeyvəliklər mövcud olmuş və
bu sahələrdən 61765,7 ton və ya 2021-ci ilə nisbətən 10,2 faiz çox məhsul istehsal
edilmişdir.
Meyvə və giləmeyvəliklərin 4276,9 hektarını, yaxud 86,1 faizini sitrus və
subtropik meyvə bağları təşkil etmiş və 2021-ci ilə nisbətən 2,3 faiz artmışdır. Meyvə
və giləmeyvəliklərin 3111,2 hektarını bar verən yaşda olan əkmələr təşkil etmişdir.
2022-ci ildə rayonda 97,7 hektar yeni sitrus və subtropik meyvə bağları
salınmışdır.
Son 5 ildə rayonda sitrus və subtropik meyvə bağlarının ümumi sahəsi 38,8 faiz,
məhsul istehsalı isə 52,1 faiz artaraq 58985,9 tona çatdırılmışdır. İstehsal olunan
sitrus və subtropik meyvələrinin 7581,2 tonunu feyxoa, 2224,6 tonunu limon,
4495,7 tonunu portağal, 44475,6 tonunu narıngi, 208,8 tonunu sair meyvə (kinkan
və qreyfrut) təşkil etmişdir.
Rayon üzrə meyvə bağları və giləmeyvəliklərin hər hektarının məhsuldarlığı
2022-ci ildə 2021-ci ilə nisbətən 9,8 sentner və ya 5,2 faiz artaraq 198,5 sentner
olmuşdur. Sitrus və subtropik meyvələrin hər hektarının məhsuldarlığı isə 10,8 sentner
artaraq 221,4 sentner olmuşdur.Hər hektardan feyxoanın məhsuldarlığı 128,2 sentner,
limonun məhsuldarlığı 98,6 sentner, portağalın məhsuldarlığı 161,1 sentner, narınginin
məhsuldarlığı 288,7 sentner, sair (kinkan və qreyfrut) meyvələrin məhsuldarlığı isə
77,0 sentner olmuşdur.