Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Siyatük kəndində əhali ilə keçirdiyi görüşdə rayonun idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı əvvəllər burada və qonşu kəndlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin həllinə imkan daxilində köməklik göstərildiyini, ərazidə xeyli quruculuq-abadlıq işlərinin görüldüyünü diqqətə çatdırmış, bunların ötən görüşlərdə verilən təkliflər əsasında həyata keçirildiyini bildirmişdir. Yaxın keçmişdə yollar bərbad olduğundan burada sakinlərlə görüşə gəlməyin də bir problem olduğunu vurğulayan icra başçısı, avtomobil yollarının asfaltlaşdırılmasını, qaz xəttinin çəkilməsini, kənddə yeni müasir modul tipli məktəb binasının tikilməsini ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bugünkü görüş də sakinlərlə yaşadıqları ərazidə görüşüb onları narahat edən problemləri öyrənmək və həllinə köməklik etməkdən ötrü ölkə Prezidentinin tapşırığına əsasən keçirilir.

Sakinlər çıxış edərək Respublikada həyata keçirilən qlobal layihələrdən, rayonda aparılan geniş quruculuq-abadlıq işlərindən, ən ucqar yaşayış məntəqələrinin sosial problemlərinin həllindən məmnunluğunu bildirərək, əhalinin rahat yaşayışının təmin edilməsi sahəsində göstərilən qayğı və diqqətə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlərlə onlarla görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Çıxış edənlər Siyatük-Şovaş kəndlərarası avtomobil yolun təmir edilməsinə, kənddə qəzalı vəziyyətdə olan eletrik dirəklərinin dəyişdirilməsinə və xətt təsərrüfatının yenilənməsinə, kəndə internet xəttinin çəkilməsinə, ibtidai məktəbin ümumi orta məktəbə çevrilməsinə, özünəməşğulluq çərçivəsində oğluna xırda buynuzlu mal-qara verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı müəyyən məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir. Qeyd etmişdir ki, rayonda elektrik xətt təsərrüfatının əsası 60-cı illərdə qoyulduğundan köhnəlmiş, istismar müddətini başa vurmuşdur. Bu da xətt təsərrüfatında tez-tez qəzaların baş verməsinə səbəb olur. Buna baxmayaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır. Amma rayonda elektrik xətt təsərrüfatı tədricən tamamilə yenilənəcəkdir. Bununla əlaqədar artıq müəyyən işlər görülür.

Cənab Prezidentin ayırdığı vəsait hesabına çəkilən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu qonşu kəndlərlə yanaşı bu kəndin də inkişafında böyük əhəmiyyət kəsb edir. Bununla kəndin əsas problemləri həllini tapmışdır. Asfalt yollar istifadəyə verildikdən sonra əhalinin güzəranı yaxşılaşmış, rahatlıq təmin edilmişdir.  Digər məsələlər də tədricən həllini tapacaqdır.

Böyük inkişaf yolunda olan ölkəmiz ildən-ilə daha da güclənir. Dövlətimiz öz gücünü, xalqımız birliyini 44 günlük Vətən müharibəsi savaşında bir daha dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, qəhrəman oğullarımızın fədakarlığı nəticəsində azad edilən Qarabağımızda hazırda sürətli quruculuq işləri aparılır. Mənfur düşmənin taladığı doğma torpaqlara yeni həyat gəlir.

Rayonumuz da ölkədə gedən inkişafdan geri qalmır. Son illər rayonun bütün kəndarası avtomobil yolları asfaltlaşdırılmış, müxtəlif sosial obyektlər inşa edilərək əhalinin istifadəsinə verilmişdir.

Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirir. Aparılan quruculuq-abadlıq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Bu günlərdə qardaş Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində böyük faciə yaşanır. Sizin də dediyiniz kimi bu hadisə hər birimizi dərindən sarsıdaraq ürəyimizi sızladır. Dövlətimiz və xalqımız yenə də birlik nümayiş etdirərək bütün imkanlarıyla qardaş xalqın yanında olduğunu sübut edir. Böyük sınaq qarşısında olan xalqlarımızın bu faciədən də fədakarlıqla çıxacaqlarına inanırıq.

Təəssüflər olsun ki, bir neçə gün əvvəl Urmiya şəhərində də zəlzələ baş verdi. Ancaq fars molla rejimi zərərçəkənlərə məhz azərbaycanlılar olduğuna görə demək olar ki, heç bir köməklik göstərməyərək onları bu soyuq qışda taleyin ümidinə buraxdı. Bizim insanlıq xatirinə yardım təklifimizi geri çevirərək, qardaşlarımıza yardım əlimizi uzatmaqdan xoflandıqları üçün buna imkan vermədilər. Bu hadisələr və səfirliyimizə olan xain terror hücumu da ermənilərlə birləşən fars molla rejiminin xalqımıza qarşı düşmən mövqeyini bir daha göstərir. Rayonumuz sərhəd rayonu olduğu üçün daim ayıq-sayıq olmalı, bu çürük rejimin təxribatlarının qarşısını almaqda və molla rejiminin  aramızda olan agentlərinin ifşasından ötrü əlimizdən gələni etməliyik.

Biz mənfur düşmənə qalib gəlmək, Azərbaycanımızın daha güclü olması üçün həmişəkindən daha çox ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.