Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşünü Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Artupa kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, Artupa kəndində və nümayəndəliyin digər kəndlərində son illər xeyli quruculuq-abadlıq işləri görülmüş, mühüm problemlərin həllinə nail olunmuşdur. Uzun illər sakinlərin əziyyət çəkdiyi avtomobil yolları asfaltlaşdırılmış, yeni məktəb binaları və uşaq bağçası tikilərək istifadəyə verilmiş, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi istiqamətində tədbirlər görülmüşdür.
Kənd əhalisinin zəhmətkeşliyini xüsusi qeyd edən icra başçısı, Artupa kəndində əhalinin əsasən çəltik əkininə həmişə böyük maraq göstərdiyini, burada istehsal edilən düyünün öz alıcıları və bazarı olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu kənddə yetişdirilən düyü yüksək keyfiyyəti, ətri və dadı ilə məşhurdur. 2016-cı ildən rayonda çəltik əkini sahələri xeyli genişləndirilsə də, sonrakı illərdə müəyyən səbəblərdən bu sahədə azalma baş verdi. Bəzi işbazların yerli istehsala müəyyən qatqılar etməsi, yerli düyüyə marağı azaltdı. Amma sevindirici haldır ki, son illər ekoloji təmiz Astara düyüsünə tələbat yenidən artmaqdadır. Ona görə də istifadəsiz qalan torpaq sahələri dövriyyəyə qaytarılmalı, digər əkinlərlə yanaşı çəltikçiliyin inkişafı daim diqqət mərkəzində saxlanmalıdır.
Sakinlər rayonda, o cümlədən, Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülən quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər. Görüş iştirakçıları kənd qəbristalığı üçün əlavə torpaq sahəsinin ayrılmasına, çəltik toxumunun əldə edilməsinə, şəhid ailələrinin evlərinə gedən yolların asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı səmimi görüşə görə əhaliyə minnətdarlıq etmiş, söylənən təkliflərə münasibət bildirərək vaxtında icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Şəhid ailələri həmişə diqqətimizdədir, onların evlərinə gedən yollar normal olmasına baxmayaraq gələcəkdə asfaltlaşdılılması üçün tədbirlər görüləcəkdir.
Çəltik toxumunun əldə edilməsinə köməklik barədə sakinlərin müraciətilə əlaqədar bildirmişdir ki, əvvəlki dövrlərdə çəltik toxumu çətinliklə, müxtəlif vasitələrlə İrandan gətirilirdisə indi buna heç bir ehtiyac yoxdur. Hazırda dövlət və yerli sahibkarlar tərəfindən məhsuldar toxumlar tədarük edilmişdir. Kifayət qədər çəltik toxumu varımızdır. Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etməklə münasib qiymətə toxumlar əldə edib əkmək mümkündür.
İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi qələbəsindən, işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli quruculuq-bərpa işlərindən, eyni zamanda cənab Prezidentin xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün atdığı qətiyyətli addımlardan danışmış, hazırda Respublikada və rayonumuzda həyata keçirilən geniş quruculuq-abadlıq işləri barədə məlumat vermişdir.
Sonda icra başçısı sakinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.