Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züngüləş kəndində səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı əvvəl keçirilən səyyar qəbulda qaldırılan məsələlərə toxunaraq bir qisminin həll edildiyini, digərlərinin həlli ilə əlaqədar tədbirlər görüldüyünü bildirmişdir. Son illər nümayəndəliyin ərazisində məktəb binaları, səhiyyə müəssisəsi, uşaq bağçasının tikildiyini, Ərçivan-Artupa Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun Bəndəsər yaşayış məntəqəsinədək asfaltlaşdırıldığını, əhaliyə təbii qazın verildiyini, elektrik xətt təsərrüfatında və çay üzərindəki körpüdə təmir işlərinin aparıldığını bildirmiş, dağlıq ərazidə yerləşən kəndin müəyyən problemlərinin də olduğunu diqqətə çatdırmışdır.
Kənd sakinləri çıxışlarında ölkə Prezidentinin diqqət və qayğısı ilə rayonda aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmiş, möhtərəm cənab Prezident İlham Əliyevə ən xoş arzularını ifadə etmişlər. Sakinlər onlarla mütəmadi görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına minnətdarlıqlarını bildirmiş, Züngüləş kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə, kəndə internetin verilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, yeni elektrik transformatorunun qoyulmasına, Vətən müharibəsi iştirakçısının evinin təmirinə, Bəndəsərdə yolun sıradan çıxmış hissəsinin bərpasına, Astaraçay üzərində yeni körpünün salınmasına köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlərin arzu və təklifləri dinlənilmiş, bəzi məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, digərlərinin həlli istiqamətində tədbirlər müəyyən ediləcəyi bildirilmişdir.
İcra başçısı səmimi görüşə görə sakinlərə razılıq etmiş, qaldırılan problemlərin həlli istiqamətində görüləcək işlər barədə izahatlar vermişdir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimizin müdrik rəhbərliyi ilə respublikamızın sürətli inkişafından, bütün dünyada Azərbaycanı tanıdan və nüfuzunu qaldıran 44 günlük Vətən müharibəsindəki zəfərdən söhbət açmışdır. Dövlət başçımızın müstəqil Azərbaycanın çiçəklənməsi üçün mümkün olan bütün tədbirləri həyata keçirdiyini qeyd edən icra başçısı cənab Prezidentin rayonumuzun inkişafı və sosial layihələrin icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlərdən danışmışdır. Xüsusən, Astara-1 kiçik su elektrik stansiyasının tikintisi, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş (Bəndəsər) avtomobil yolunun yenidən qurularaq asfaltlaşdırılmasından ötrü sərəncam imzalamasını astaralılara olan diqqətin bariz nümunəsi olduğunu vurğulamış, bu qayğıya görə ölkə rəhbərinə minnətdarlıq etmişdir.
İcra başçısı bildirmişdir ki, gözəl təbiətə və müalicəvi sulara malik Züngüləş kəndinə asfalt yollar çəkiləndən sonra turistlərin və xarici qonaqların gəlişi xeyli artmışdır. Gələcəkdə yeni turizm obyektləri salındıqca gələn qonaqların sayı daha da artacaqdır ki, bu da yerli sakinlərin dolanışığına müsbət təsirini göstərəcəkdir.
Qeyd etmişdir ki, Züngüləş kəndi rayonumuzun bu istiqamətdə ən ucqar kəndi olmaqla İranla sərhəddə yerləşir. Bu qonşu ölkənin son zamanlar ölkəmizə qarşı sərgilədiyi münasibət ürəkaçan olmadığı üçün daha diqqətli olmalısınız. Sərhədimizin toxunulmazlığını qorumaq üçün sayıqlığınızı daha da artırmalı, hər bir şübhəli hərəkətlər barədə vaxtında aidiyyəti orqanları məlumatlandırmalısınız. Sevindiricidir ki, camaatımız Vətənə sədaqətli, yurdunu sevən insanlardır. Həmişə bu işdə birlik nümayiş etdirmisiniz. İnanıram ki, bundan sonra da belə olacaqdır.
Cənab Prezidentin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə bərqərar olan sabitlik, əmin-amanlığı qorumalı, ölkəmizdə yüksək vüsət alan inkişafa, tərəqqiyə töhfəmizi vermək üçün daim ölkə Prezidentinin yanında olmalıyıq.