Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icra etdiyi “Ucqar kəndlərdə məktəbli qızların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Masallı və Lənkəran rayonun sosial obyektləri və sahibkarlıq subyektlərinə ekskursiya təşkil edilib. Ekskursiyada Astara rayonun Asxanakəran, Pəlikəş, Rinə, Tüləkuvan, Lerik rayonun Hamarmeşə və Günəşli kənd məktəbini təmsil edən ümumilikdə 25 nəfər məktəbli qız və hər məktəbdən 1 nəfər olmaqla 6 nəfər direktor-müəllim heyyəti iştirak edib.

Lənkəran şəhər Mədəniyyət Mərkəzində toplaşan tədbir iştirakçılarına təşkilatın sədri, layihə rəhbəri İntiqam Səfərov və layihənin məsul əməkdaşı Vamiq Babayev tərəfindən proqram barədə ətraflı məlumat verilib. Proqram çərçivəsində Masallı ASAN həyat kompleksində yerləşən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinə səfər edilib, mərkəzin rəhbəri Ziya İsmayıov tərəfindən iştirakçılara uşaq hüquqları, qadın hüquqları, yaşama hüququ, bu istiqamətdə qəbul edilmiş bəzi beynəlxalq konvesiyalar və digər məsəslələrlə bağlı qısa məlumatlar verilib, onları maraqlandıran sualları cavablandırıb. Sonra iştirakçılar Masallı Sənaye məhəlləsində fəaliyyət göstərən Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində toxuculuq işləri, orada çalışan toxucu xanımlarla tanış olub və mərkəzin rəhbəri Tünzalə Abuzərova tərəfindən məlumatlandırılıb. Lənkəran rayonunda keçirilən görüş zamanı isə İstisu qəsəbəsində fəaliyyət göstərən “Sitrus valley” fermer təsərrüfatının sahibi Rəftarə Şükürova ilə məktəbli qızların görüşü təşkil edilib və onlara qadın sahibkar olaraq bu yolda qarşılaşdığı çətinlik və əldə etdiyi uğurlarla bağlı motivasiyaedici söhbət açılıb. İştirakçılar Lənkəran şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib və Mərkəzdə yerləşən Lənkəran-Astara Regional Gənclərin İnkişaf və Karyera Mərkəzində olublar. Mərkəzin rəhbəri Famil Məmmədov və könüllü gənc xanımlarla məktəbli qızlar arasında onların inkişafına yönəlik motivasiya xarakterli söhbətlər aparılıb. Bu görüş zamanı Lənkəran Dövlət Universitetinin müəllimi, layihə üzrə ekspert Samir Salayev məktəbli qızların gələcək sosial həyatında könüllülüyün əhəmiyyəti haqqında iştirakçıları məlumatlandırıb. Proqram çərçivəsində məktəbli qızlar Lənkəran Tarix Diyarşünaslıq Muzeyini ziyarət edib və muzey bələdçiləri tərəfindən məlumatlandırılıblar. Yekunda ekskursiya proqramından xoş təsüratla ayrılan 25 məktəbli qızın hər birinə sertifikat təqdim edilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd kənd yerlərində məktəbli qızların təhsildən yayınma səbəblərini qismən də olsa aradan qaldırmaq və gələcəyin savadlı kadrlarının yetişdirilməsində qadınların rolunun artırılmasına dəstək olmaqdır.

“Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım İB-nin mətbuat xidməti