Əziz və hörmətli müəllimlər!

Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli işinizdə sizə yeni-yeni uğurlar və firavan günlər arzulayıram.

Hər il Beynəlxalq Müəllimlər Gününün bayram kimi qeyd edilməsi dünya miqyasında müəllim əməyinə verilən yüksək qiymətin parlaq təzahürüdür. Çünki müəllimlik peşəsi dünyada ən şərəfli peşələrdən biridir.

Ulu Öndərimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmişdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllimlərin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev də bu ənənəyə sadiq qalaraq daim müəllim adını uca tutmuş, onların çətin və şərəfli peşə sahibləri olduqlarını dəfələrlə qeyd etmişdir. Təhsil işçilərinin əmək haqlarının artırılması, fəxri adlarla təltif edilmələri, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim əməyinə verilən qiymətin bariz nümunəsidir.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər təhsilin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu tədbirlərin həyata keçirilməsi gənc nəslin daha mükəmməl təlim-tərbiyyəsi, pedaqoji kollektivlərin daha yaxşı və səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açmışdır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib istifadəyə verilmişdir. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir.

Bu il “Bilik Günü” və Beynəlxalq Müəllimlər Gününün 30 illik fasilədən sonra işğaldan azad edilmiş rayonlarımızın məktəblərində qeyd edilməsi xüsusilə qürurvericidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, fenomenal idarəetmə bacarığı, cəsarəti və qətiyyəti ilə Şanlı Azərbaycan Ordusu uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək xalqımızı qalib xalq kimi dünyaya tanıtmışdır. İgid oğullarımızın şərəfli, qəhrəmanlıq yolu, Vətənə sədaqəti, yurd sevgisi yetişməkdə olan gənc nəsil üçün ən böyük nümunədir. Peşəsini ürəkdən sevən fədakar müəllimlərimiz bundan sonra da Vətən üçün vətənpərvər, layiqli və ləyaqətli, Zəfər tariximizə adları qızıl hərflərlə yazılan Qəhrəman Azərbaycan oğulları kimi igid övladlar yetişdirməkdən ötrü səylə çalışmalıdırlar.

İnanıram ki, bərpa olunan tarixi həqiqətdən, böyük qələbəmizdən ruhlanan müəllimlərimiz daha səmərəli fəaliyyət göstərəcək, şagirdlərimiz daha yüksək bilik nümayiş etdirərək savadlı, müasir dünya görüşlü gənclər kimi suveren dövlətimizin gələcək inkişafına öz töhfələrini verəcəklər.

Əziz müəllimlər! Beynəlxalq Müəllimlər Günü münasibətilə Sizi bir daha təbrik edir, hamınıza ən xoş arzularımı bildirirəm.

Qəzənfər Ağayev,

Astara Rayon İcra Hakimiyyətinin başçısı