30 noyabr 2023-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astara Pedaqoji Kollecində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Firəngiz Sadıxova giriş nitqi ilə açıq elan etmiş, narkomaniyanın vurduğu ziyan, insanların sağlamlığına və mənəviyyatına mənfi təsiri, həmçinin narkomaniyanın müxtəlif cinayətlərin törədilməsinə təkan verdiyi, cəmiyyətin inkişafdan geri qalması, maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun zərər çəkməsi və bir çox digər ağır nəticələrə səbəb olması barədə, o cümlədən respublikada və rayonumuzda mövcud vəziyyət və görülən tədbirlər haqqında geniş çıxış etmişdir.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Vasif Quliyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov mövzu ilə əlaqədar çıxış etmişlər.

Tədbirdə kollecin müəllim və tələbə kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mövzu ilə əlaqədar videoçarx nümayiş olunmuş, bukletlər paylanmış, iştirakçılarla mövzu ətrafında müzakirələr aparılmış, ünvanlanan suallar dolğun cavablandırılmışdır.