“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir.”- Atatürk. İnsanı kamillik dərəcəsinə çatdıran, ona yer üzünün əşrəfi olduğunu dərk etdirən müqəddəs bir varlıqdır müəllim. Hər zaman səcdə olunacaq, doğru dürüst məsləhətlərinə ehtiyac duyulacaq bir varlıq. Elə bir varlıq ki, ömrünü çıraq edib, hər bir şagirdinin qəlbində yandırır, həyatının ən gözəl illərini, ömrünün ən duyğulu anlarını, gözünün nurunu onlara həsr edir. Tanrının yazdığı ömür payını yüzlərin, minlərin ömrünə qatır.

Universitetə hazırlaşdığım illərin unudulmaz şəxsiyyətidir Babək müəllim. Hələ özü Lənkəran Dövlət Universitetinin ilk kursunda oxuyurdu. Buna baxmayaraq boş vaxtlarında abituriyent hazırlığı keçib gələcək üçün savadlı nəsillər yetişdirirdi. Bizim ilk tanışlığımız da həmin illərə təsadüf edir. Çox sevindirici haldır ki, Babək müəllimin ilk şagirdlərindən biri olmuşam. Mənə elmlə yanaşı enişli-yoxuşlu gənclik illərinin tələbəlik həyatını sözlərlə ifadə edib hər şeyi öyrədirdi. Yerinə düşmüşkən deyim ki, Babək müəllim məndən yaşca kiçik olsa da, düşüncələri və dünyagörüşü olduqca dərin, savadlı müəllim obrazını özündə ehtiva edirdi. Nə az, nə çox, bizim müəllim-şagird münasibətimiz bir il davam etdi. Və mən Babək və digər müəllimlərimin sayəsində universitetə daxil oldum.

Əlbəttə, biz unudulmadıq öz yaddaşımızdan. Vaxtaşırı görüşüb ötən günlərimizdən və gələcəkdən söhbət edib, dostluğumuzu saxladıq. Babək müəllim peşəsini sevən, uğurlarını sadalamaqla bitməyən bir müəllim olmaqla yanaşı, həm də gözəl insan və dəyərli dostdur. Aforizm olaraq söyləmək gərəkirsə deyərdim ki, müəllim bəslədiyi meyvə ağacları ilə yaşamağa davam edir. Elə bir varlıq ki, ömrünü çıraq edib, hər bir şagirdinin qəlbində yandırır, həyatının ən gözəl illərini, ömrünün ən duyğulu anlarını, gözünün nurunu onlara həsr edir. Tanrının yazdığı ömür payını yüzlərin, minlərin ömrünə qatır. Mənim kimi minlərin qəlbində müəllimlik heykəlini ucaltdı. Azərbaycanımıza yüzlərlə mütəxəsis, polis, həkim və digər sənət sahibləri yetişdirdi. Bəlkə də şagirdlərinin çox hissəsi mənim kimi Babək müəlimin yolunu seçərək müəllim peşəsinə yiyələndi. Bu bir həqiqətdir ki, hər zaman şagirdlərini böyük məhəbbətlə sevib, onlara bütün biliyi ilə dəstək olur Babək müəllim.

Gənclərin cəmiyyətdə yüksək mövqe tutmağı, şərəfli əməyi ilə yüksəlməyi, zəhmətsevər, vətənə, dövlətə, xalqa sədaqətli vətəndaş kimi formalaşması müəllimlərin peşəkarlığından, pedaqoji məharət və qabiliyyətindən çox asılıdır. Əminliklə deyərdim ki, mənim qəlbindəki vətən sevgisi müəllimlərimin sayəsində kiçik zərrəcikdən sonsuz böyüklüyə qədər ucaldı.

Rzazadə Babək Tarif oğlu 13 mart 1992-ci ildə Astara rayonunun Deqadi kəndində anadan olmuşdur. 1997-ci ildə Deqadi kənd ümumi orta məkəbinin birinci sinfinə getmiş, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2006-cı ildə Astara rayonunun Şüvi kənd tam orta məktəbinə getmiş, 2009-cu ildə həmin məktəbin məzunu olmuşdur. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olmuş, 2013-cü ildə həmin universitetin məzunu olmuşdur. 2013-2014-cü illərdə Milli Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. 2014-2016-ci illərdə Lerik rayonunun Molalan kəndində ixtisası üzrə müəllim işləmişdir. 2016-2018-ci illərdə Azərbaycan İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə maqistr dərəcəsi almışdır. 2018-ci ildə Astara Rayonunun 2 saylı Şahağac kənd tam orta məktəbində yenidən müəllimlik fəaliyyətinə başlamışdır. 2019-cu ildən bu günə kimi Astara şəhər 1 saylı tam orta məktəbində ixtisası üzrə müəllim işləyir.

Babək müəllim Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Astara rayonu üzrə koordinatorudur. Ölkə və regionun təlim və tədbirlərində fəal iştirik edir, öz bilik və bacarıqları ilə təhsilə töhfələrini əsirgəmir.

 Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir – xalqın, dövlətin gələcəyini formalaşdırmaq. Şərəfli, ancaq çətin və ən məsuliyyətli peşə sayılan müəllimliyi seçən bir vəzifənin öhdəsindən layiqincə gələn müəllim şagirdlərinin yaddaşında bir ömür qalır. Məhz Babək müəllim də mənim yadaşımda əsl müəllim, peşəkar pedaqoq kimi qalmışdır. Onun uğurlarından bəhs etmək mənim üçün böyük şərəfdir. Bir zaman öz yetirməsi olan şəxs bu gün qələmi ilə müəlliminin həyat yolunun rəsmini çəkir. Bir zaman öyrədiyi elm, verdiyi savadın bəhrəsi olaraq onun həyat yoluna qələmimlə səyahət etmək, həqiqətən də, qürurvericidir. Dəfələrlərlə fəxri fərmanlar, təşəkkürnamələr, diplomlar qazanan Babək müəllimin ən boyük uğurlarından biri 2023-cü ilin sentyabr-noyabr aylarında 6 həftəlik Fulbright TEA proqramında iştirak etməyi oldu.

Babək müəllim Amerkadan qayıdandan sonra biz hər zaman olduğu kimi yenə də görüşdük. Söhbət zamanı Babək müəlim bildirdi ki, Proqrama ESL, Leadership, Teaching Methodologies, Technology, Cultural and Civic Activities, orta məktəb (Gallatin school) təcrübəsi, sərgilər, tarixi və görməli yerlərə səfər, müxtəlif millətlərin mədəni tədbirlərində iştirak etmək daxil idi.

19 müxtəlif ölkədən 23 müəllimlə birlikdə Montana Dövlət Universitetində professorlar tərəfindən müxtəlif fənnlər üzrə biliklər əldə etdik. Gallatin High School (Gallatin Orta məktəbində) təcrübəçi olaraq iştirak edərək, amerikan sinfini, dərslərini müşahidə etdik və həm də dərs keçdim. Dərslərə İngilis dili və ölkə haqqında prezentasiya daxil idi.

Qeyd edim ki, Azərbaycandan yeganə seçilən müəllim idim. (General TEA Fall 2023)

Proqram yalnız təhsil deyil, həm də mədəniyyət, liderlik, qarşılıqlı ünsiyyət, ölkəni təmsil etmək bacarıq və kompetensiyaları özündə cəmləşdirirdi.

Burada çoxlu görməli yerləri, müzeyləri ziyarət etdim, Amerika ailəsinin evində olduq, onların mədəniyyəti ilə daha yaxından tanış olduq və öz mədəniyyətimiz haqqında danışdıq.

Sonda Montana ştatında Montana Dövlət Universitetinin rəsmi sertifikatını  və paytaxt Washinqtonda IREX tərəfindən rəsmi sertifikat və müxtəlif hədiyyələr verildi.

Proqram  IREX tərəfindən maliyyələşdirilir.

Proqramda ümumi olaraq, Montana Dövlət Universiteti, proqramın rəhbərləri, koordinatorlar, dəyərli professorlar, host family(yerli ailə), partner müəllim, işrirakçılar daxil idi.

Proqram U.S. Embassy Baku / ABŞ-nin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə olur.

Göründüyü kimi Babək müəllim öz peşəsini sevən müəllimlərin ümumiləşdirilmiş obrazıdır. Hər zaman rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənc müəllimdir. Onun bilik və bacarığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Babək müəllimə işlərində uğurlar arzulayıram.

Sonda Ulu Öndər Heydər Əliyevin müəllim peşəsi haqqında söylədiyi bir ifadəni xatırlamaq yerinə düşərdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Əlvan İbayev