27 yanvar 2024-cü il tarixində Altay Təlim və Tədris Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Altay Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər həftəsi” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilmişdir.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Altay Təlim və Tədris Mərkəzinin direktoru Şəfa Mirzəzadə və digər rəsmi şəxslər çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər siyasəti, 2 fevral Azərbaycan Gəncləri gününün təsis edilməsi, hər il “Gənclər həftəsi” çərçivəsində ölkədə həyata keçirilən tədbirlər, eləcə də müxtəlif sahələrdə gənclərə dövlət qayğısı barədə gənclərə geniş məlumat vermişlər. Çıxış edənlər Altay Təlim və Tədris Mərkəzində “Kompyuter texnologiyası və internetin əsasları” və “İngilis dili – dünyaya inteqrasiya” kurslarında təhsil alan gənclərə təhsildə uğurlar və dövlət gənclər siyasəti tədbirlərində fəal iştirak etməyi arzulamışlar. Qeyd olunmuşdur ki, gənclərimiz yiyələndikləri təhsil vasitəsilə internet resurslarında, sosial şəbəkələrdə ölkəmizin mənafeyini daima yüksək səviyyədə qorumağa çalışmalı yüksək vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərməlidirlər.

Yekunda fərqlənən gənclərə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin “Təşəkkürnamə”ləri təqdim olunmuşdur.