14 fevral 2024-cü il tarixində Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbində Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə  Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş voleybol üzrə məktəblilər arasında  Astara rayon turniri keçirilmişdir.

Tədbirin açılış mərasimində Astara rayonu üzrə  gənclər və idman sektorunun baş məsləhətçisi Bəhlul Rufullazadə, aparıcı məsləhətçisi Ələskər Əskərov, Lənkaran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil sektorunun  metodisti  Rasim Cəfərov, Ziya Bünyadov adına  Astara şəhər 2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, “Fəxri Bədən tərbiyəsi və İdman işçisi”, yarışın baş hakimi Afət Əkbərov çıxış etmiş,  keçirilən idman tədbirlərinin əhəmiyyətini qeyd etmiş və komandalara uğurlar arzulamışlar.

Yarış 6 məktəb komandasının (Astara şəhər 1 , 6 və 7 saylı tam orta məktəbləri, Kijəbə qəsəbə, Səncərədi kənd və Suparıbağ kənd tam orta məktəb komandaları)  arasında keçirilmişdir. Olimpiya sistemi ilə gərgin mübarizə şəraitində keçən yarışda I  yerə Astara rayon Nail Həsənov adına  Kijəbə qəsəbə tam orta məktəbin, II yerə Astara rayon Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta məktəbin və III yerə Mirzə Ələkbər Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin komandaları layiq görülmüşlər.

Qalib komandalara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kuboku, fəxri yerləri qazanan komandaların üzvlərinə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları və medalları  təqdim olunmuşdur.