Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın ən nəhayət azad edilməsi ilə nəticələndi. Çoxdan həsrətlə gözlədiyimiz müqəddəs savaşda Azərbaycan əsgərləri misilsiz qərəmanlıq göstərərək qələbənin qazanılmasında mühüm rol oynadı.

Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlının ürəyində uzun illər  köz bağlamayan bir yara idi. Bu mənada, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanması ilə bağlı əmri hər birimizin arzusunun gerçəkləşməsinə işıq oldu. Mən həmin vaxt həəqiqi hərbi xidmətdə idim. Əsgər və zabitlər arasında elə bir ab-hava ilə qarşılaşdım ki, onu sözlə ifadə etmək çətindir. Gənclərin döyüşə getmək arzuları, irəliyə can atmaları, qələbə sevinclərini bölüşmələri, işğaldan azad edilmiş torpaqların xəbərlərini hansı hislərlə qarşılamaları insanda böyük təsir oyadırdı. Belə demək mümkündürsə, mənəvi-psixoloji üstünlüyümüz ilk günlərdən özünü göstərdi. Cəbhədə ard-arda qələbələrin əldə olunmasında bu üstünlüyün mənəvi-psixoloji hazırlığın, durumun böyük əhəmiyyəti var idi. Hər kəs bir amal uğrunda döyüşürdü – Qarabağ azad edilməlidir. İnanın ki, hər kəs – əsgərli, zabitli hər birimiz üçün Vətən torpağının azadlığı hər şeyin önünə keçmişdi.

Mən İstehkamçı kəşviyyatçı kimi döyüş yolum Talış kəndi istiqamətində başladı. Suqovuşan və Ağdərə  istiqamətində döyüşlərdə iştirak etdim. Bəlli olduğu kimi, oranın coğrafi mövqeyi olduqca çətin, relyef baxımından çox mürəkkəbdir. Bu baxımdan həmin ərazidə döyüşmək də çətinliklər yaradırdı. Ağdərə istiqamətində qızğın döyüşlər getdi. Bir neçə kəndin işğaldan azad olunmasında şəxsən iştirak etmişəm. Ağdam rayonu işğaldan azad olunandan sonra həmin əraziyə keçdik. Elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin. Bütün əsgərlərimizin, zabitlərimizin məqsədi torpaqlarımızın işğaldan azad olunması idi. Ən əsası isə ordumuzun Ali Baş Komandana olan inamı yenilməz idi. Prezidentimizin çıxışlarını radio vasitəsilə dinləyirdik. Ali Baş Komandanın çıxışı döyüş və vətənpərvərlik ruhunu daha da artırırdı. Döyüş günləri mənim həyatımın ən mühüm hissəsinə çevrildi desəm, yanılmaram.

Döyüşdə qələbə ilə yanaşı, itkilər də olur. Bu qaçılmazdır. Allah şəhidlərimizə rəhmət etsin. Təsəvvür edin ki, bir gün, iki gün öncə görüşdüyün, danışdığın döyüş yoldaşın, əsgərin şəhid olur və bu hiss insanda dərin izlər buraxır. Xidmət etdiyim bölükdən şəhidlərimiz oldu. Şəhidlərimizi heç vaxt  unuda bilmərəm. O anları unutmaq mümkün deyil.

Döyüşdük və torpaqlarımızı azad etdik, böyük zəfəri qazandıq. Sevinirəm ki, bu zəfərdə bizim də payımız var. Döyüşdə yaşadıqlarımızı, gördüklərimizi, şahidi olduqlarımızı sözlə ifadə etmək çox çətindir. Hər anı ölüm olan müharibənin          odunu-alovunu yaşamaq çətin olduğu qədər şərəflidir. İnsanlarımız cəbhəyə əlindən gələn dəstəyi əsirgəmirdi. Bizə yardımlar göndərirdilər. Respublikanın bütün bölgələrindən bizi ruhlandıracaq məktublar alırdıq. Bu məktubları yığıb saxlamışıq. Onları əsgərlərə göstərəndə görürdüm ki, bu hərbçilərə nə qədər ruh yüksəkliyi verir. 44 günlük müharibə bizim birliyimizin simvolu oldu. Məhz ordu, xalq, dövlət birliyi Qarabağı yenidən öz sahibinə qaytardı və qələbəmizi təmin etdi.

Bu müharibə bizim millətin ən yaxşı keyfiyyətlərini üzə çıxartdı. Mən də bu qələbəyə öz payımı verməyə çalışdım. Doğma torpaqlarımızın azad olunması üçün biz hamımız canımızı qurban verməyə hazır idik və bu gün Vətən qarşısında hər birimizin vicdanı təmizdir. Bu zəfərin müəllifi isə  Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 30 illik Qarabağ həsrətimizə məhz Ali Baş Komandanın Böyük Sərkərdəlik qətiyyəti ilə son qoyduq. Ona görə də hər birimiz Ali Baş Komandanımıza minnətdar olmalıyıq. Həm də ona görə minnətdar olmalıyıq ki, Prezidentimizin diplomatik məharəti ilə Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atılmadan azad edildi. Yəqin ki, hər kəs bunun nə anlama gəldiyini yaxşı bilir. Əgər bu torpaqları savaşla alsaydıq, şəhid və yaralı sayımız ikiqat artardı. Amma Ali Baş Komandan sübut etdi ki, həm əsl sərkərdə, həm də qətiyyətli, prinsipial və xalqını sevən Prezidentdir. Tanrıya şükürlər olsun ki, Azərbaycan xalqına belə Lider yetirib.
Böyük qələbə bir daha təsdiq etdi ki, İlham Əliyev tarixin ən güclü Azərbaycanının ən qüdrətli Sərkərdəsidir.

Qeyd etmək istəyirəm ki, Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  Astarada bütün şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət yetirir və onların hər hansı bir problemininin həllinə xüsusi həssaslıqla yanaşır.

Biz gənc qazilər də 07 fevral 2024-cü il tarixdə sevə-sevə öz Ali Baş Komandanımız  Cənab İlham Əliyevin “Zəfər Seçkisində” iştirak etdik. Əslində, 7 fevral seçkilərində Azərbaycan xalqı qələbə qazandı. Çünki Zəfər seçkilərində xalqına verdiyi bütün vədlərinə sadiq qalaraq qeyd etdiyi kimi hər bir azərbaycanlının prezidenti olan xalqın Lideri İlham Əliyev qalib gəldi. Prezident İlham Əliyev hər birimiz  üçün elə Azərbaycan qədər əzizdir. Hazırda hamımız bu qürurlu tarixi anları yaşayarıq, Azərbaycan vətəndaşı, arzuların gerçəkləşdiyi qalib ölkə olmağımızdan fəxarət hissi keçiririk. Sözsüz, bu şanlı tarix gələcək nəsillər üçün həmişə qürur mənbəyi olacaq, böyük zirvələr fəth etmələrinə işıq tutacaq.

 

Qələbən mübarək, Azərbaycan !

Müşviq Əliyev,

Gənc Qazilər İctimai Birliyinin Astara rayon filialının sədri