Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun, Astara rayon Təhsil Sektorunun və Astara Gənclər Evinin birgə təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində “5 mart Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş “Sağlam həyat” kütləvi idman tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi “İdman həftəsi” çərçivəsində “5 mart Bədən tərbiyəsi və İdman Günü”nün qeyd edilməsi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika və Gimnastika Federasiyalarının təsdiq etdikləri “Sağlam həyat” layihəsinə əsasan müxtəlif yaş qruplarını əhatə edən insanların bədən tərbiyəsi və idman məşğələlərinə şüurlu tələbatını formalaşdırmaq, uşaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək, böyüməkdə olan gənc nəslin orqanizminin möhkəmləndirilməsi, fiziki kamilliyinin formalaşması, onların iş, təhsilalma və öyrənmə qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi, ölkədə bədən tərbiyəsi və idmanı təbliğ etmək, sağlam cəmiyyətin qurulmasınına, müxtəlif yaş qrupuna aid insanların fəal uzunömürlülüyünə dəstəyi təmin etməkdir.

Tədbirin açılış mərasimində Astara-Lənkəran Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, Rəşad Əliyev və digər rəsmi şəxslər çıxış etmiş, tədbirin əhəmiyyətini qeyd etmiş və məktəblillərə uğurlar arzulamışlar.

“Sağlam həyat” kütləvi idman tədbirində Astara şəhər 1, 2,3, 4,5, 6 saylı və Suparıbağ kənd tam orta məktəblərinin VIII-XI sinif şagirdləri fəal iştirak etmişlər.

Kütləvi idman tədbiri oğlanlar və qızlar arasında ayrıca döşəməyə dayaqlı vəziyyətdə qolların açılıb bükülməsi, yerindən uzunluğa tullanmaq, 2 kiloqramlıq tibbi topu atmaq yarışları üzrə və stolüstü tennis, şahmat, nərd oyunları, fitnes idman növləri üzrə keçirilmişdir.

 Yekunda 20 nəfər fərqlənən iştirakçı Lənkəran-Astara Regional Gənclər və idman İdarəsinin sertifikatlarına layiq görülmüşlər.