5 aprel 2024-cü il tarixində Astara rayon İcra Hakimiyyətinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “COP29 və Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda seminar təşkil olunmuşdur.

Tədbirdə müxtəlif idarə və təşkilatların əməkdaşları – Astara Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparat işçiləri, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi, Astara Rayon Polis Şöbəsi, Astara rayon Mərkəzi Xəstəxanası, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayon sektoru, Astara Pedaqoji Kolleci, Astara rayonunda Astara rayon İcra Hakimiyyəti başçısının 15 inzibati ərazi dairəsi üzrə nümayəndələri və 15 bələdiyyə sədirləri, habelə Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak etmişdir.

İclasa Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev iclası giriş sözü ilə açaraq tədbirin mövzusu və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazsində görülmüş işlər barədə iştirakçıları məlumatlandırmışdır.

60 nəfərin iştirak etdiyi seminarda “COP29 və Yaşıl dünya naminə həmrəylik ili” barədə geniş təqdimat keçirilmiş və sözügedən mövzularda iştirakçılarla ətraflı müzakirələr aparılmışdır. Sonda iştirakçıların aidiyyəti təklifləri dinlənilmiş və səsləndirilən suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Seminardan sonra isə tədbir iştirakçıları tərəfindən Ələt-Astara magistral yolunun kənarında ağacəkmə aksiyası keçirilmiş və ərazidə müxtəlif cinslərdə olan 200 ədəd yeni tinglər əkilmişdir.