Astara Dənizkənarı park-bulvar kompleksində, Lənkəran-Astara  Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Astara rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə  “Sağlam həyat” devizi ilə kütləvi idman tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi 9 yanvar 2023-cü il tarixində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Bakı şəhərində 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında göstərilən tapşırıqların və   əhalinin  açıq havada idmanla məşğulluğuna şəraitin yaradılması, Azərbaycan  Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika və Gimnastika Federasiyalarının təsdiq etdikləri “Sağlam həyat” layihəsinə əsasan müxtəlif yaş qruplarını əhatə edən insanların bədən tərbiyəsi və idman məşğələlərinə şüurlu tələbatını formalaşdırmaq, uşaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək, böyüməkdə olan  gənc nəslin orqanizminin möhkəmləndirilməsi, fiziki kamilliyinin formalaşması, onların iş, təhsilalma və öyrənmə qabiliyyətinin və vətənpərvərlik ruhunun  yüksəldilməsi, ölkədə bədən tərbiyəsini və idmanı təbliğ etmək, sağlam cəmiyyətin qurulmasınına,  müxtəlif yaş qrupuna aid insanların fəal uzunömürlülüyünə dəstəyi təmin etməkdir.

Tədbirin açılış mərasimində  Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, “Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman işçisi” İqrar Cəfərov, Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, Atletika üzrə 5 qat Azərbaycan çempionu, kütləvi idman tədbirinin baş hakimi Rəşad Əliyev çıxış etmiş, və məktəblillərə uğurlar arzulamışlar.

“Sağlam həyat” kütləvi idman tədbirində Astara şəhər 1, 2,3,5, 7 saylı və Artupa kənd tam orta məktəblərinin VIII-XI sinif şagirdləri fəal iştirak etmişlər. Kütləvi idman tədbiri oğlanlar və qızlar arasındaayrıca döşəməyə dayaqlı vəziyyətdə qolların açılıb bükülməsi, yerindən uzunluğa tullanmaq, turnikdə dartınma, 2 kiloqramlıq tibbi topu atmaq yarışları üzrə keçirilmişdir.

Yekunda  20 nəfər fərqlənən iştirakçı Lənkəran-Astara Regional Gənclər və idman İdarəsinin sertifikatlarına layiq görülmüşlər.