İllərdir vətəndaşları narahat edən və problemli məsələ kimi yerli və mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırılan, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə səsləndirilən Şiyəkəran kəndindəki qəzalı vəziyyətdə olan avtomobil körpüsünün tikintisi başa çatmışdır.

Məlumat üçün bildiririk ki, kəndin mərkəzindən keçən Pensərçay üzərində yerləşən körpü qəzalı vəziyyətdə olduğundan 2023-cü ilin sentyabr ayında yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində daha da zədələnmiş, təhlükəli həddə çatmışdı. Həmin ərəfədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sel sularının zərər vurduğu üç avtomobil körpüsü ilə yanaşı Şiyəkəran kəndində Təngərüdçay (Pensərçay) üzərində yerləşən qəzalı vəziyyətə düşmüş körpüyə baxış keçirəndən sonra körpünün yenidən tikintisi barədə qərar qəbul edilmiş və tikinti işlərinə start verilmişdi.  

Operativlik nəticəsində uzunluğu 34, eni 10 metr olan Şiyəkəran kəndindəki körpünün tikilməsi ilə kəndin ən böyük problemi həllini tapmışdır. Möhkəm özüllər üstündə qurulan, müasir standartlara cavab verən körpüdə tikinti başa çatdırılandan sonra asfalt örtüklə örtülmüş, üzərində hər iki tərəfdən vətəndaşların rahat hərəkəti üçün piyada yolu salınmışdır. Kənd sakinləri yeni körpünün istifadəyə verilməsini sevinclə qarşılayaraq vətəndaşların sosial problemlərinin həllini həmişə diqqətdə saxlayan, rahatlıqlarının təmin edilməsi üçün tədbirlər həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Şiyəkran kənd sakini Məhərrəməli İsmayılov ilə söhbət zamanı bildirdi ki, yeni körpünün tikilməsi bizim üçün olduqca vacib idi. Çünki bu körpü iki hissəyə bölünmüş kəndi birləşdirir. Kənddə yaşayan 5600 nəfər əhalinin demək olar ki, hamısının həyatında və fəaliyyətində körpü mühüm rol oynayır. Çünki, əkin apardığımız pay torpaqlarına yol bu körpüdən keçir. Körpü qəzalı vəziyyətdə olduğundan böyük əziyyət çəkirdik. Şükür Allaha daha bu problemimiz aradan qalxıb. Torpaqlarımıza gediş-gəlişimiz asanlaşıb. Artıq kənd təsərrüfatı texnikalarının da rahat şəkildə körpüdən keçidi təmin olunmuşdur. Buna görə də ilk növbədə cənab Prezidentimizə minnətdarlıq edir və bu işdə əməyi keçən hər kəsə bütün kənd sakinləri adından təşəkkürümüzü bildirirəm.

Məlumat üçün bildirirk ki, sel-sularının rayonda uçurtduğu digər körpülərin tikintisi də başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.