Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşü Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şümrüd kəndində keçirtmişdir.

İcra başçısı bildirmişdir ki, bu gün kənd sakinləri sevinc içindədirlər. Elə biz də sevincliyik. Çünki burada böyük bir layihənin icrası həyata keçirilir. İllərdir bizi düşündürən və narahat edən yol problemi həllini tapır. Burada və nümayəndəliyin digər kəndlərində əvvəllər keçirtdiyimiz görüşlərdə həmişə Dürriyə-Şümrüd avtomobil yolunun salınması barədə məsələ qaldırılırdı. Nəhayət cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına yüksək səviyyədə salınan 5 kilometrlik avtomobil yolu başa çatmaq üzrədir. Bu böyük sosial problemin həlli doğrudan da sevindiricidir.

İcra başçısı son illər Şümrüd kəndində və nümayəndəliyin digər yaşayış məntəqələrində mühüm  əhəmiyyətli işlərin görüldüyünü bildirmişdir. Deqadi-Pəlikəş avtomobil yolunun salındığını, Pəlikəş, Sım, Sipiyəpart, Dolu, Diqo, Şəvqo, Lomin kəndlərində müasir tipli məktəb, kənd sahə xəstəxanası üçün yeni binaların tikildiyini, mövcud olduğu tarixdən yolu və işığı olmayan Dolu, Diqo, Şəvqo, Sibiyyət, Avyarud kəndlərinə avtomobil yollarının və elektrik xəttinin çəkildiyini, elektrik xətt təsərrüfatında təmir işlərinin aparıldığını, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş Şümrüd kəndinin 18 ailəsi üçün yeni fərdi yaşayış evlərinin tikildiyini diqqətə çatdırmışdır.

Yaxın günlərdə Heydər Əliyev Fondu tərəfindən Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılacağını, Dolu-Reqloba yolunun açılacağını bildirən icra başçısı bu görülən işlərdən sonra səfalı dağlarımıza turist axınının daha da artacağını bildirmişdir.

Bütün görülən işlərin cənab Prezidentin rəhbərliyi ilə həyata keçirildiyini bildirən icra başçısı qüdrətli dövlətimiz üçün bugünkü gündə həlli mümkünsüz problemin olmadığını vurğulamışdır. Bildirmişdir ki, böyük inkişaf və tərəqqi yolunda olan müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi möhkəm təməl üzərində qurulmuşdur. Bu siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafı, vətəndaşların firavan yaşaması üçün əlindən gələni edir. Bu düzgün siyasətin nəticəsi idi ki, cəsur gənclərimiz Müzəffər Ali Baş Komandanın çağırışına səfərbər olaraq qısa müddətdə müqəddəs torpaqlarımızı erməni quldurlarından azad etdilər.

Bilirsiniz ki, azğın düşmən işğal dövründə Qarabağı tamamilə talamış, bütün infrastrukturu vəhşicəsinə dağıtmışdır. Hazırda azad edilən torpaqlarda sürətli tikinti-bərpa işləri aparılır. Bütün bu işlərin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq güclü iqtisadiyyata malik dövlətimiz bunun öhdəsindən məharətlə gəlir. Hər gün soydaşlarımızın yeni köç karvanlarının doğma yurdlarına qayıdışını sevinclə seyr edirik. Çox keçməz ki, biz yenidən bənzərsiz gözəlliyə malik yurdumuzun Qarabağ və Şərqi Zəngəzur kimi cənnət guşəsini tamamilə abad bir məkan kimi görəcəyik. Çünki biz Qalib Prezidentimizin iradəsinə və xalqımızın gücünə hədsiz inanırıq.

Görüş iştirakçıları rayon mərkəzindən xeyli aralı, dağlıq ərazidə yerləşən kəndlərdə görülən abadlıq, quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirmişlər. Sakinlər Dürriyə-Şümrüd avtomobil yolunun salınması ilə ən böyük problemlərinin həll olunduğunu, bu yolun həyatlarına rahatlıq gətirəcəyini sevinclə söyləyərək bu yüksək hədiyyəyə görə ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Çıxış edənlər yeni çəkilən Dürriyə-Şümrüd avtomobil yolunda çay üzərində körpünün qoyulmasına, kəndə internet şəbəkəsinin çəkilməsinə, məhəllə yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləyərək həlli mümkün olan məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həlli barədə tədbirlərin müəyyənləşdiriləcəyini bildirmişdir.

Sonra icra başçısı Vətən müharibəsi qazisi Fərhadov Sərdar Gülmirzə oğlu ilə görüşmüş, xahişini nəzərə alaraq yaşadığı evə gedən avtomobil yolununun təmir olunmasına tapşırıq vermişdir.