27 may 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Astara şəhəri ərazisində “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ekoloji aksiya keçirilib.

Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional idarəsinin əməkdaşları və idarə, müəssisə və təşkilatların işçiləri iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd şəhər ərazisinin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Təmizlik aksiyası zamanı ərazi bərk məişət və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.

O cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində park-bulvar kompleksi ərazisində ümumilikdə 200 ədəd ağac tingləri və gül kolları əkilmişdir.