30 may 2024-cü il tarixində Astara Pedaqoji Kollecində şəhid Baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın ssenarisi əsasında çəkilmiş “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Daha sonra Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələri ilə görüşündən bəhs edən videoçarx təqdim olunmuşdur.
Təqdimatda şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı, Maliyyə-informasiya şöbəsinin müdiri Nuranə Fərəcova, Astara Şəhər 1 saylı məktəbin direktoru, Astara Pedaqoji Kollecinin Şura üzvü Xədicə Əliyeva, və digər rəsmi şəxslər şəhid Vüsal Kazımovun Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azad edilməsində göstərdiyi igidlik və qəhrəmanlıqlardan, onun vətən sevgisindən söz açmışlar.
Çıxışlarda qeyd olunmuşdur ki, Baş leytenant Kazımov Vüsal Kamran oğlu şəhadətindən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Həmçinin Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxovanın yazmiş olduğu “Mən ölə bilmədim məni bağışla” şeirini  Leyla Kərimlinin ifasında səsləndirilmişdir.
Sonda şəhid Vüsal Kazımovun atası Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov çıxış edərək bildirdi ki, Vüsal kimi bütün qəhrəman oğullarla qürur duyuram.  Vətən torpağı uğrunda canlarından keçən hər bir oğul mənim öz övladım kimidir. Onlarla bütün Azərbaycan fəxr edir.