Rayon icra hakimiyyəti və rayon üzrə təhsil sektorunun əməkdaşlığı ilə Astara Park Bulvar Kompleksində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi və konsert təşkil olunmuşdur.

Konsert proqramında rayonun sevilən ifaçılarının çıxışları ilə yanaşı, rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının şagirdlərinin rəqs nömrələrinə yer verilmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz xanım Sadıxova, eyni şöbənin müdir müavini Mərasim Hacıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Elnur Quliyev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, məktəb və körpələr evi-uşaq bağçalarının müəllim və şagirdləri, valideynlər iştirak etmişlər.