Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşü Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Binabəy kəndində keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı görüşərək təklifləri dinləmiş, həlli istiqamətində birgə tədbirlər həyata keçirmişik. Kənd çox səfalı və abad bir kənddir. Son illər ərazidə xeyli iş görülmüşdür. Nümayəndəliyin bütün ümumtəhsil məktəbləri üçün müasir tipli yeni binalar tikilmiş, əsas yollar asfaltlaşdırılmış, əhaliyə təbii qazın verilməsi əsasən təmin edilmiş, Təngərüdçayda sahilbərkitmə işləri aparılmışdır. Ötən ilin payızında yağan leysan yağışları nəticəsində yaranan sel-sularının dağıtdığı Vaqo avtomobil körpüsü qısa müddətdə yenidən tikilərək istifadəyə verilmişdir. Hazırda elektrik xətt təsərrüfatının yenilənməsi və sürətli internet şəbəkəsinin çəkilməsinə başlanmışdır. Kənddə problemli bir məsələ qalmamış, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazım olan əsas işlər görülüb başa çatdırılmışdır.

Bütün bu işlərə görə Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” müdrik deyiminə söykənərək cənab Prezident Azərbaycanın iqtisadi gücünün artırılması üçün bütün imkanlardan istifadə edərək buna nail oldu. Bu gün qüdrətli Azərbaycanımızla qürur duyur, fəxr edirik.

Dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşən xalqımız Vətən savaşında qəhrəman oğullarımızın gücü ilə qısa müddətdə erməni terrorçularına diz çökdürərək torpaqlarımızı işğaldan azad etdilər. Antiterror tədbirləri ilə düşmənin son dayaq nöqtələri də başlarına uçurulandan sonra qorxaq düşmən təslim oldu. İndi o torpaqlarda Şanlı Azərbaycan Bayrağı əzəmətlə dalğalanır.

Vəhşi düşmən 30 il ərzində taladığı həmin torpaqlarda bir abad məkan belə saxlamayıb. Bütün infrastruktur dağıdılıb. İndi Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq bərpa işləri gedir. Tək-tək obyektlərin deyil, bütöv şəhərin, kəndin təməli qoyulur. Mayın 28-də cənab Prezidentin ailəsi ilə birlikdə Xocalıda açılışlar etməsi, sakinlərlə görüşməsi bizə böyük qürur verdi. Şəhər və kəndlərimiz bərpa edildikcə yurdundan didərgin salınan soydaşlarımız tədricən doğma məkanlarına qayıdırlar.

Sizi əmin edirəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni əsirgəməməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik.

Sakinlər çıxışlarında son illər respublikada və rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda yaşadıqları ərazidə səyyar qəbul keçirtdiyinə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq edərək kəndin yolunun asfaltlaşdırılmasına, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə, Siyaku kənd ailə sağlamlıq mərkəzinin xəstəxana kimi fəaliyyət göstərməsinə, pay torpağına gedən yolun açılmasına, sahilbərkitmə işlərinin aparılmasına, məhəlləyə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edən sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.