Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
2018-ci il tarixi yubileylər ilidir. Bu il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini təntənə ilə qeyd edir.
Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə Astara rayonunda silsilə tədbirlər keçirilib. İyulun 2-də rayonun inzibati orqanlarının rəhbərlərinin iştirakı ilə Astara Polis Şöbəsinin kollektivi ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Sonra Astara Heydər Əliyev Mərkəzində ümummilli liderimizin zəngin və mənalı ömür yolunu əks etdirən fotosərgi ilə tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Azərbaycan xalqının unudulmaz dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Azərbaycan Polisi Günü münasibətilə Astara rayon polis şöbəsində yubiley tədbiri keçirilmişdir. Rayonun inzibati orqan rəhbərlərinin və rayon polis şöbəsinin kollektivinin iştirakı ilə keçirilən tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayev Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə rayon Polis Şöbəsinin bütün kollektivini ürəkdən təbrik etmiş, ictimai asayişin qorunmasında nümunəvi xidmət göstərdiklərinə görə dərin təşəkkür və minnətdarlığını bildirmişdir. İcra başçısı qeyd etmişdir ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirən dövlət qurumu kimi Azərbaycan Polisinin tarixi 28 may 1928-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan hökumətinin tərkibində Daxili İşlər Nazirliyinin yaradılmasından başlayır. Azərbaycan Polisi 1918-1920-ci illərdə ilk müstəqil Azərbaycan dövlətinin qurulmasında və müdafiəsində ön sıralarda olmuşdur. Müstəqillik illərində respublikamızda cinayətlərin qarşısının alınması, asayişin mühafizəsi sahəsində misilsiz xidmətlər göstərən polis əməkdaşlarının fəaliyyəti ən xoş sözlərə layiqdir.
Azərbaycan Polisinin qazandığı uğurlarda onun mübariz dəstəsi olan Astara Rayon Polis Şöbəsinin kollektivinin də layiqli payı vardır. Rayonumuzda cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunmasında polis işçilərimiz üzərilərinə düşən vəzifələri uğurla yerinə yetirirlər. Qəzənfər Ağayev rayonun bütün polis işçilərinə bayram münasibəti ilə ən xoş arzularını bildirərək onlara çətin və şərəfli işlərində yeni-yeni uğurlar arzulamışdır.
Yubiley tədbirində Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Rayon Prokuroru Qabil Qasımov, Rayon Məhkəməsinin sədri Zamin İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Elxan Abışov, rayon veteranlar təşkilatının sədri Rafiq Əliyev, rayon ziyalılar cəmiyyətinin sədri Mircəfər Babazadə və başqaları çıxış edərək Azərbaycan Polisinin yarandığı gündən ötən dövr ərzində xalqımızın asayişinin qorunmasında göstərdikləri gərgin və səmərəli fəaliyyətini yüksək qiymətləndirmiş, Daxili İşlər Nazirliyinin mübariz dəstəsi olan Astara rayon Polis Şöbəsinin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində qazandığı uğurları diqqətə çatdırmışlar.
Rayon Polis Şöbəsinin məsul işçisi Ceyhun Abdulov Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının şəxsi heyətinə təbrik teleqramının mətnini oxumuş, Azərbaycan Polisinin 100 illiyi ilə əlaqədar məruzə tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Yubiley tədbirində ictimai asayişin qorunmasında fərqləndiklərinə görə bir qrup polis əməkdaşına Astara Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunmuşdur.
Astara rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Cahangirovun əmri ilə şöbənin şəxsi heyətinin bir qrup əməkdaşı mükafatlara layiq görülmüşdür.
Tədbirdə rayon veteranlar təşkilatının və ziyalılar cəmiyyətinin fəxri fərman və diplomları təqdim olunmuşdur.Rayon Polis Şöbəsində polis veteranları ilə də səmimi görüş keçirilmişdir.
Astara rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Cahangirov yubiley tədbirini yekunlaşdıraraq rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, cinayətkarlığa qarşı mübarizənin gələcəkdə daha da gücləndirilməsi məqsədilə konkret və əməli tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...