Bu gün Ukraynada növbəti prezident seçkiləri keçiriləcək.
30 milyon səsvermə hüququna malik olan seçici 39 namizədə səs verə biləcək. Belə ki, ölkənin Mərkəzi Seçki Komissiyasıseçkilərə 44 namizədi qeydə alsa da sonradan onlardan 5 nəfəri könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib.
Krımın Rusiya tərəfindən ilhaqı və ölkənin şərq istiqamətində gedən döyüşlər səbəbindən 5 milyondan artıq şəxs səsvermədə iştirak edə bilməyəcək. Bundan başqa Mərkəzi Seçki Komissiyası Rusiyada səsvermə reqlamentində dəyişikliklər edib. Belə ki, MSK öz vətəndaşlarına Rusiya ərazisində səsverməni qadağan edib. Əvəzində isə onlara Gürcüstan, Qazaxıstan və Finlandiya mövcud olan seçki məntəqələrində səs verməyi təklif edib. Bu da öz növbəsində 3 milyon Ukrayna vətəndaşının seçkilərdə iştirakını sual altına qoyur.
Prezident seçkilərini 40-dan çox ölkədən 1,5 mindən çox beynəlxalq müşahidəçi izləyəcək. Ümumilikdə Ukraynanın Mərkəzi Seçki Komissiyası 19 beynəlxalq təşkilatı və 17 xarici dövləti təmsil edən 2344 rəsmi müşahidəçini qeydiyyatdan keçirib. Ukraynada hüquq mühafizə orqanlarının 135 min nəfərlik şəxsi heyəti isə seçkinin təhlükəsizliyini qoruyacaq.
Keçirilən sorğulara görə, qarşıdakı seçkilərdə lider üçlüyə cari Prezident Petro Poroşenko, “Batkivşina” lideri Yuliya Timoşenko və şoumen-aparıcı Vladimir Zelenski daxildir.
Qeyd edək ki, ilk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq. Prezidentin andiçmə mərasimi iyunun 3-dək keçiriləcək.(Report)