Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşüPəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sım kəndində keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı burada əvvəllər keçirilən səyyar qəbul-görüşlərin səmərəli olduğunu, qaldırılan problemlərin əksəriyyətinin həllinə nail olunduğunu bildirmişdir. Pandemiya dövründə görüşlərə fasilə verilsə də səyyar qəbullara yenidən başlandığını, əhalinin arzu və təkliflərini dinləməyə gəldiyini diqqətə çatdırmışdır.

Sakinlər ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə insanların rifahı naminə həyata keçirilən tədbirlərdən bəhs etmiş, salınan asfalt yolların, tikilən müasir tipli məktəb binalarının vətəndaşlara yüksək diqqət və qayğının nəticəsi olduğunu bildirərək ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri kəndə təbii qaz xəttinin çəkilməsi, futbol meydançasının təmiri, yıxılmış ağaclardan tikinti materialı kimi istifadəyə icazənin verilməsi, Deqədi-Pəlikəş-Sım avtomobil yolunda yol nişanlarının qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

İcra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlıq etmişdir. Bildirmişdir ki, cənab Prezidentin Sərəncamı ilə qəbul edilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonumuzda böyük işlər görülüb. Dağ kəndlərində aparılan quruculuq işləri də bu proqramın tərkib hissəsidir. Pəlikəş-Sımkəndlərinə asfalt yolun çəkilməsi ilə əhalini narahat edən əsas problem həllini tapmış, digər məsələlər də tədricən həll olunacaqdır.

İcra başçısı əvvəllər yolların bərbadlığı üzündən dağ kəndinin sakinləri ilə görüşlərin keçirilməsinin mümkünsüz olduğunu xatırlatmışdır. Yeddi-səkkiz il əvvəl əhali ilə keçirdiyi görüşü xatırladaraq şəraitsizlikdən əziyyət çəkən əhalinin son illər aparılan tikinti-quruculuq işləri ilə nə qədər rahatlığa qovuşduqlarından məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, saatlarla piyada, yaxud ağır texnika ilə gedilən yolları indi rayon mərkəzindən 45-50 dəqiqəyə ən müasir avtomobillərlə gəlmək mümkündür. Asfalt yollar salınandan sonra gözəl təbiətə malik, qədim tarixi və təbiət abidələri ilə zəngin olan bu ucqarlara maraq çoxalmış, ilin bütün fəsillərində nəinki respublikanın bölgələrindən, hətta xarici ölkələrdən gələn turistlərə rast gəlinir. Rayonumuza gələn turistlərin çoxu park-bulvar kompleksi və səfalı dağ kəndlərimizə gəlirlər. Bu çox sevindiricidir.

Görülən işlər təkcə yol çəkilişi ilə məhdudlaşmır. Pəlikəş nümayəndəliyinin ərazində son illər yeni xəstəxana binası və 7 məktəb inşa edilmişdir. Yeni körpülər salınmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, işığı və yolu olmayan Dolu, Diqo, Avyarud və Sibiyyət kəndlərinə həm elektrik xətti çəkilmiş, avtomobil yolu salınmışdır.  

Əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən  bu işlərə görə cənab Prezidentimizəminnətdar olmalıyıq. Görülən bütün işlər, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin  məqsədyönlü siyasətinin, uzaqgörənliyinin nəticəsi və xalqına olan yüksək diqqət və qayğısının  bariz nümunəsidir.

Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin igidliyi sayəsində uzun müddət torpaqlarımızı işğalda saxlayan quldur düşməni qısa müddətdə məhv edərək bizə böyük Zəfərin sevincini yaşatdı. İndi biz qalib xalq kimi qürurlu, həm də hədsiz sevincliyik. Vətən müharibəsində olduğu kimi bundan sonra da hər zaman cənab Prezidentin ətrafında dəmir yumruq kimi sıx birləşməli, fəal olmalı, real vəziyyəti düzgün qiymətləndirməli, ölkəmizdə hökm sürən sabitliyi, əmin-amanlığı göz bəbəyi kimi qorumalıyıq.