Astara rayonunda “Şuşa İli” ilə bağlı keçirilən ümumrayon tədbirində
rayon icra hakimiyyətinin rəsmiləri, idarə, müəssisə, təşkilatların
kollektivləri, qazilər, müharibə iştirakçıları, tələbə gənclər, ictimaiyyət
nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin “Şuşa ili”nə həsr olunmuş
rəsm əsərlərindən ibarət rəsm sərgisi ilə tanış olmuş, Şuşa zəfərindən bəhs
edən sənədli film izləmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin sələndirilməsi ilə
başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş
qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova çıxış edərək
bildirmişdir ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı
ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmuş, bununla bağlı il boyu
rayonumuzun idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif
müəssisələrində müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Bu gün isə bu
tədbirlərin yekunu olaraq ümumrayon tədbirinə yığışmışıq.
Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyevin rəhbərliyi ilə
Rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də
işğaldan azad etməklə, xalqımıza böyük qələbənin sevincini yaşatdı.
Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın
qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi
həkk olundu. Cənab Prezidentin Sərəncamları ilə aparılan sürətli
quruculuq-abadlıq işləri işğaldan azad olunan bütün şəhər və kəndlərimiz
kimi, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi beşiyi olan Şuşa şəhərini
də gözəl, abad bir məkana çevirməkdədir.
Vətən Müharibəsinin iştirakçısı Abbas İbrahimli də çıxışında keçdiyi
döyüş yolundan, qələbə sevincindən və bu yaxınlarda abad Şuşaya olan
səfərindən danışmışdır.
Tədbir rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi üzvlərinin
ifalarında konsert proqramı ilə davam etmişdir.