Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Novruz bayramı ərəfəsində Vaqo kənd tam orta məktəbində olaraq məktəbin nəzdində fəaliyyət göstərən “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində təhsil alan 11 P sinif şagirdlərinin sərgi-satış yarmarkası ilə tanış olmuşdur.
Vaqo kənd tam orta məktəbinin direktoru Qumru Hüseynova məktəbin nailiyyətləri barədə məlumat verərək qeyd etmişdir ki, məktəbdə “Peşə Təmayüllü Siniflərin Təşkili” və “İcma əsaslı məktəbəqədər təhsil” layihələri həyata keçirilir. Bundan əlavə məktəb Elm və Təhsil Nazirliyinin elan etdiyi IV Qrant Müsabiqəsinin ümumtəhsil məktəb kateqoriyasında “Təhsildə inkişaf və innovasiyalar üzrə” layihənin qalibi olmuşdur.
Hazırda “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi çərçivəsində təhsil alan şagirdlər dərzi köməkçisi, çilingər köməkçisi, aşbaz köməkçisi və mebel quraşdırma ustası köməkçisi peşələrinə yiyələnirlər. Bu layihələrin həyata keçirilməsinin vəziyyəti Elm və Təhsil Nazirliyi tərəfindən mütəmadi nəzarətdə saxlanılır. Bu məqsədlə məktəbimizdə olan nazirliyin “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin koordinatoru Fəridə Ağayeva sərginin təşkilinə də köməkliyini göstərmişdir.
Məktəbimizdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan ideal şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edən məktəb direktoru kollektiv olaraq bundan sonra işlərində daha da məsuliyyətli olmaqla yeni nailiyyətlər qazanmaqdan ötrü səylə çalışacaqlarını bildirmişdir.
Sərgi ilə tanış olan icra başçısı şagirdlərin əməyini yüksək qiymətləndirmiş, gündən-günə inkişaf edən ölkəmizdə orta ixtisas və ali təhsilli mütəxəssislərlə yanaşı sənətini mükəmməl bilən müxtəlif peşə sahiblərinə də böyük tələbatın olduğunu bildirmişdir. Gələcəkdə peşə hazırlığına daha böyük diqqət yetirməklə gənclərin müxtəlif sahələr üzrə peşəkar mütəxəssis kimi yetişməsinə nail olmaq olar.
Novruz bayramı münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edən icra başçısı onlara işlərində müvəffəqiyyətlər arzulamışdır.