– Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edən Prezident İlham Əliyevin sözləri:

– “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.” (Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışı 14.04.2020);

– “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var” (Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi 22.10.2020);

– “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.” (Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışından 21.09.2020);

– “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” (Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışından 05.03.2021).

– Ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinin ilk mərhələsi hesab olunan ötən iki ili xarakterizə edən əsas xüsusiyyətlər:

– Ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi idi;

– Ötən müddət siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi dövrü idi;

– Ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi;

– Qərəzli mövqelərdən çıxış edən tərəflər üçün ötən müddət səhvləri etiraf etmək və siyasi fəaliyyətini yeni təmiz səhifədən başlamaq şansını bəxş edən dövr idi;

– Ötən dövr siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması dövrü idi;

– Ötən dövr siyasi sistemin sağlamlaşdırılması dövrü idi;

– Ötən dövr sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması dövrü idi;

– Ötən dövr regionda formalaşan yeni reallığa adaptasiya dövrü idi;

– Ötən dövr “siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi dövrü idi;

– Ötən dövr siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü idi.

– Açıq və demokratik rəqabətə çağırış. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər;

– “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir;

– “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib:

– Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub;

– Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilmişdir) çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib;

– Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib (40 sual verilmişdir);

– Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib;

– Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş);

– Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.

– İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür;

– Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır;

– Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır;

– Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır;

– Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir;

– Siyasi dialoq fəlsəfəsinin transformasiyası. Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb;

– Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır;

– İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir;

– Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır;

– Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar;

– Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir;

– Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir;

– Dialoqu inkar edən radikalların tək amacı küçə etirazlarıdır. Bu cür yanaşma rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz;

– “Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır;

– Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar etməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.