Astara rayonu ərazisində 79 saylı Astara seçki dairəsi üzrə 50 seçki məntəqəsi, 80 saylı Lerik-Astara seçki dairəsi üzrə 19 seçki məntəqəsi fəaliyyət göstərir.
Növbədənkənar Prezident seçkilərinə hazırlıqla əlaqədar hər iki dairə üzrə məntəqələr səsverməyə tam hazırlanmış, seçki məcəlləsinin tələblərinə əməl edilməklə, seçkilərin demokratik, şəffaf keçirilməsinə nail olmaq məqsədi ilə qanunla müəyyən olunmuş bütün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Seçki günü böyük coşqu ilə seçki məntəqələrinə gələn astaralılar növbəti illər üçün ölkənin təhlükəsizliyi, davamlı inkişafı və xalqın rifahını təmin edə bilən bacarıqlı, layiqli namizədə səs verərək münasibətlərini bildirmək istəyirlər.
Astara şəhər 1 saylı seçki məntəqəsində səs verən şəhər sakini Gülnar Abdullayeva müsahibəsində qeyd edir ki, seçki məntəqələrinə səs vermək üçün gələnlər başa düşürlər ki, seçimlərini müstəqil Azərbaycanı inkişafa, tərəqqiyə aparan, dövlət və xalq mənafeyini düşünərək mütərəqqi siyasət yürüdə bilən ən layiqli namizədə səs verməklə aparmalıdırlar. Ona görə də məntəqəyə gələnlər yaradılan yüksək şəraitdən istifadə edərək öz istəklərinə uyğun namizədlərə səs verirlər. Seçicilərin fəallığını həm də torpaqlarımızın işğaldan azad edilməsi, qalib dövlət və qalib xalq kimi qürurlu olmaları, ölkədə və Astara rayonunda son illərdə baş verən əsaslı dəyişikliklər, sosial problemlərin həlli ilə əlaqədar həyata keçirilən proqramlar və əhalinin həyat şəraitinin ilbəil yaxşılaşması istiqamətində görülən dövlət tədbirləri ilə izah etmək olar.
Digər şəhər sakini Mahir Abbasov da səsvermənin gedişindən razı qaldığını ifadə edərək seçki məntəqəsində səsvermənin azad və demokratik şəkildə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirərək qeyd etdi ki, səsverməyə çox qürurla və sevinclə gəlirik. Çünki bu Zəfər seçkisidir. İlk dəfədir Azərbaycanın bütün ərazilərində Prezident seçkiləri keçirilir. Torpaqlarımız düşmən tapdağından azad edilib, dövlətimizin suverenliyi tam bərpa olunub. Qalib xalq kimi dünyaya səs salmışıq. Müstəqil Azərbaycanımız bütün sahələrdə sürətlə inkişaf edir. Qalib dövlətimizin inkişafını, tərəqqisini istəməyən qüvvələrə bir daha birliyimizi göstərməyə gəlmişik. Elə ona görədir ki, seçki məntəqələri açılandan insanlar axın-axın məntəqələrə gələrək seçki hüququqndan istifsdə edir, istədiyi namizədə səs verirlər. Belə azad, demokratik bir ölkədə yaşamağımdan böyük məmnunluq hissi keçirirəm.
Ərçivan qəsəbə 32 saylı seçki məntəqəsində səs verən Ceyhun Sadıxovdan seçkinin gedişini öyrəndik. O, məntəqədə səsvermənin azad, demokratik, beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirərək qeyd etdi ki, Prezident seçkilərində namizədliyi qeydə alınmış 7 nəfərdən xalqımızın milli birliyinə nail olan, müstəqil dövlətimizin inkişafı üçün real və konkret yol xəritəsi olan, dövlətimizin və xalqımızın təhlükəsizliyini yüksək səviyyədə qoruya bilən ən layiqli birisinə səs verdim.
32 saylı məntəqə seçki komissiyasının sədri Səfərəli Məmmədovun verdiyi məlumata görə məntəqədə 1477 nəfərin adı seçici siyahısına daxil edilib. Seçki məntəqəsində saat 12-00-da səsvermədə 608 nəfər iştirak edib.
Ümumiyyətlə, rayon ərazisində yerləşən seçki məntəqələrində Prezident seçkilərinin şəffaf, ədalətli və tam obyektiv keçirilməsi üçün yüksək şəraitin yaradılmasının şahidiyik. Bunu bu gün məntəqələrdəki vəziyyəti müşahidə edən həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri də açıq etiraf edirlər. Ana Vətən Partiyasının nümayəndəsi Məmmədov Bəxtiyar Qadir oğlu rayonda seçkilərin demokratikliyinə qətiyyən şübhə etmədiyini bildirərək qeyd etdi ki, rayonun bütün seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinə ciddi əməl olunur.
Astarada seçicilər tam şəffaf, azad şəkildə səsvermədə iştirak edir, heç bir qanunsuzluq halları ilə rastlaşmırlar. Hazırda bütün məntəqələrdə seçkilər davam edir.