Ağdamın “Qarabağ” futbol klubunun Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması İtaliya mətbuatında böyük əks-səda doğurub. Ölkənin nüfuzlu “La Repubblica”, “La Stampa”, “La Gazzetta dello Sport” qəzetləri də daxil olmaqla, bir çox mətbuat orqanlarında bununla bağlı çoxsaylı məqalələr və xəbərlər dərc olunub.
Məqalələrdə “Qarabağ”ın möhtəşəm zəfəri ilə yanaşı, klubun tarixi barədə də məlumatlar verilir. Xüsusilə də Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Ağdam şəhərini işğal etməsindən sonra klubun öz doğma şəhərini tərk etmək məcburiyyətində qalması və bundan sonra keçdiyi yol barədə danışılır.
“La Stampa” qəzetində dərc olunmuş “20 ildən artıq evində oynaya bilməyən Qarabağ klubu Çempionlar Liqasının yeni iştirakçısıdır” adlı məqalədə qeyd olunur ki, Avropanın yeni möcüzəsi olan və tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və dağıdılmış Ağdam şəhərinin klubudur. Ermənistanın hərbi təcavüzü səbəbindən klub 1993-cü ildə Ağdam şəhərini tərk etmiş və 20 ildən artıq evində oynaya bilməyən yeganə klubdur. Yazıda Ermənistanın təcavüzünün nəticəsi olaraq bu gün Ağdamın dağıntılara məruz qaldığı, azərbaycanlıların didərgin salındığı, klubun stadionunun dağıdıldığı bildirilir.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “Qarabağ” komandasını ən yaxşı üzvlərin bir hissəsindən məhrum etməsi, o vaxtkı baş məşqçi Allahverdi Bağırovun Ağdamın müdafiəsi uğrunda mübarizə aparmaq üçün klubu tərk etməsi, müharibədə həlak olması və Milli Qəhrəman adını alması diqqətə çatdırılır.
Yazıda klubun doğma şəhərindən didərgin düşdüyü ilk illərdə bir sıra çətinliklərlə üzləşsə də, sonradan ilk zəfərlərini qazanmağa başladığı, xüsusilə də son üç ildə milli səviyyədə önəmli qələbələr əldə etdiyi qeyd olunur. Klubun Avropa Liqasında qrup mərhələsində üç çıxışla ilk sınaqdan keçdiyi və nəhayət, bu gün böyük sıçrayış əldə etdiyi bildirilir.