Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransı keçirib. 

“Report”un Norveçə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, isveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb…

– Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən maraqlı futbol alınacağına ümidvaram.

– Heyətdə hər hansı problem var?

– Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdır.

– Yəqin ki, Bakıdakı ilk oyunu izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?

– Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.

– Oyuna necə hazırlaşmısınız?

– Komandamız yaxşı hazırlaşıb. Xüsusən müdafiəyə diqqət ayırmışıq. Çünki son iki oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.

– Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiniz?

– Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.

– İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?

– Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.

– Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?

– Ardıcıl iki oyun keçirəcəyik. Hamısından tam həcmdə hər iki qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.