Astara rayonu Siayku kənd folklor evində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Folklor evinin direktoru Mail Kəkəyev Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından söz açıb, Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.
Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü diqqətə çatdıraraq dövlətimiz tərəfindən bu soyqırımı faktının dünyada tanıdılması istiqamətində aparılan fəaliyyətlərdən və cinayətkarların cəzasız qalmayacağından bəhs ediblər.
Qeyd olunub ki, bu gün soyqırımı qurbanlarının qisasını alacaq, ata-baba torpaqlarımızı düşməndən azad edərək üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaq güclü ordumuz və rəşadətli Azərbaycan əsgəri vardır.
Folklor evinin əməkdaşlarının repertuarında Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.

 

Astarainfo.az