İyulun 2-də Astaranın polis işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və şəkillərlə tanış olublar.

Astara Rayon Polis Şöbəsində keçirilən toplantıda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki çatdırılıb.

Tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov şöbənin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Sarsılmaz təməllər üzərində formalaşmış daxili işlər orqanlarının ölkəmizdə ictimai-siyasi sabitliyin və dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatındakı xidmətlərindən danışan A.Cahangirov dövlətimizin başçısının Azərbaycan Polisinə yüksək diqqət və qayğısını xüsusi vurğulayıb. O, polis əməkdaşlarının bundan sonra da vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyətlərini davam etdirəcəklərinə, bu sahədə səy və bacarıqlarını əsirgəməyəcəklərinə, polis adını şərəflə qoruyacaqlarına əminliyini ifadə edib.

Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.(AZƏRTAC-Bağır Əliyev)