Astara Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli yazıçı, dövlət və ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunmuş “Nəriman Nərimanovun bədii yaradıcılığında və siyasi fəaliyyətində Azərbaycançılıq ideyası” mövzusunda videokonfrans keçirilib.

Astarainfo.az xəbər verir ki, onlayn tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Aygün Məmmədovanın “Nəriman Nərimanovun 150 illiyi” mövzunda hazırladığı videoçarx nümayiş olunub.

Videokonfransda Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Mərkəzin fondunun baş mühafizi Elza Kazımova, Mərkəzin kiçik elmi işçisi Aygün Məmmədova, Astara Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndəsi, könüllü gənc Abbas İbrahimli, Astara şəhər 1 nömrəli tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin müəllimi Şəhla Salmanova, könüllü gənclər Aytac Babayeva, Elgün Əzimov, Jalə Fəttayeva çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən görkəmli yazıçısı, dövlət və ictimai-siyasi xadimin yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir.

Diqqətə çatdırılıb ki, Nəriman Nərimanov böyük maarifçi, əsl xalq adamı, xalqını sevən Vətən övladı idi. Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, xalqımızın sosial rifah halını yaxşılaşdırmaq, xalqlar dostluğunu bərqərar etmək Nəriman Nərimanovun narahat ömrünün mənasına çevrilmişdi. Onun başlıca amalı Vətəninə, xalqına və bütün Şərq xalqlarına xidmət etmək, onlara mənəvi dayaq olmaq, həyat konsepsiyası isə xalqların xoşbəxt gələcəyinə inanan bəşəri ideyalarla yaşamaq olub.

Nəriman Nərimanovun ölümündən sonra onun ideyaları sanki bir simvola çevrildi və Lenin ideologiyası ilə birlikdə bütün SSRİ ərazisində geniş təbliğ edilməyə başlandı. Lakin, erməni daşnakı, xain və gözü götürməyən Mikoyan və digərlərinin düşmənçilik hərəkətləri ilə ötən əsrin 30-cu illərində ona “millətçi” damğası vuruldu, əsərləri qadağan edildi. Buna baxmayaraq, o, qədirbilən xalqımızın yaddaşında yaşayırdı. Ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq Azərbaycan ədəbiyyatında Nərimanov Nərimanov irsi bərpa edildi. Azərbaycan ziyalıları və alimləri tərəfindən onun haqqında dəyərli əsərlər yazılmağa başlandı.

Bildirilib ki, Heydər Əliyevin misilsiz xidmətlərindən biri də sovet hakimiyyəti dövründə, millətçi-təmayülçü kimi əsası olmayan böhtanla kimliyi xalqdan gizlədilən, unudulmağa məhkum edilən Nəriman Nərimanova əbədiyaşarlıq, mənəvi ölməzlik verməsi, xalqa qaytarması və tariximizdəki boşluğu bərqərar etməsidir.

Astarainfo.az