Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.

Müharibədən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən birinin şəhid ailələrinin və qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılmasıdır.

     Astarainfo.az bu sahədə həyata keçirilmiş təşəbbüslər haqqında əsas tezisləri təqdim edir.

“YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb;

– Vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir. Fondun vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması.

Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək ünvanlara baş çəkməyə başlayıblar;

– Fond cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;

– Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir. Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri: məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi və s.;

– Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.

“YAŞAT” Fondunun işinin təşkili “ASAN xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.

– İnstitusional təşəbbüslərin mövcudluğu taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşmasından xəbər verir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq;

– Fondun yaradılması milli birliyin qorunmasına institusional töhfədir. Həmvətənlərimiz həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə fəxr edəcəklər;

– Fondun yaradılması ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin təcəssümüdür. Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir;

– Fondun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.

– Mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi dövlətin nəzarətindədir. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə Dövlət Komissiyası yaradılıb;

– Dövlətin qayğısı zərər çəkmiş bütün mülki əhalini əhatə edəcəkdir. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə isə 1000 (bir min) manat məbləğində yardım göstəriləcəkdir.

Sosial siyasətinin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

– Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçin müraciətinə dövlət həssaslıqla yanaşır. Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb;

– Əlçatanlıq və şəffaflıq dövlətin təşəbbüslərini xarakterizə edən əsas göstəricilərdir. Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən 100-dən artıq müraciətə baxılıb, onların böyük hissəsi yerində həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.

Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq. Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə xüsusi Komissiya yaradılmışdır.

– Hərbçilər tibbi sosial ekspertiza ilə təmin olunacaqdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi, habelə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi daxildir;

– Döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım göstəriləcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir.

– Dövlət vətəndaşının yanındadır. Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər;

– Hərbçilərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir. Azərbaycan Respublikasında hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar;

– Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur;

– Qazi və şəhid ailələrinə qayğının göstərilməsi üçün bütün potensiallar səfərbər olunur. İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları – Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlamışdır;

– Qazi və şəhid ailələri sosial sığortanın imkanlarından faydalanacaqlar. Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin xeyli artacağı nəzərə alınaraq AzSığorta şirkətinin daxili idarəetmə potensialı artırılmışdır. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılmış, insan resursları artırılmış, təkrarlanan əməliyyatlar avtomatlaşdırılmışdır. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilmiş, zənglərin qəbulu üçün telefoniya sistemi qurulmuşdur. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik olan banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilmişdir. AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib.