12 iyun 2017-ci il tarixdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin sakinləri ilə görüşü və yeni inşa edilmiş sahə xəstəxanasının açılışı olmuşdur.
Görüşdə sakinlər rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə görülən geniş abadlıq və quruculuq işləri barədə razılıqla söhbət açdılar. Ağsaqqal Talıb Salayev çıxış edərək qeyd etmişdir ki, rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, ən ucqar kəndlərin daxil olduğu Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisinə asfalt yolun çəkilməsi ilə burada olan yaşayış məntəqələrinin ən mühüm problemləri əslində həllini tapmışdır. Uzun illər yararsız vəziyyətdə olan, əhaliyə tibb xidməti göstərmək üçün ən adi bir şəraiti olmayan köhnə tikilinin yerində müasir tipli xəstəxana binasının inşa edilməsini yerli sakinlərə böyük töhfə olduğunu bildirən natiq, ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və layihəni gerçəkləşdirən Azərbaycan Kənd İnvestisiya Layihəsi rəhbərlərinə bütün sakinlər adından minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, 1972-ci ildə inşa edilmiş köhnə bina əvvəllər sovxozun gübrə anbarı, sonralar isə xəstəxana binası kimi fəaliyyət göstərmiş, əsaslı təmir olunmadığından bərbad hala düşmüşdü. 7000 nəfər əhaliyə xidmət göstərən Pəlikəş kənd sahə xəstəxanasının yeni yaraşıqlı binasını görmək doğrudan da ürəkaçandır.
Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov, Pəlikəş kənd sahə xəstəxanasının baş həkimi Elşad Baxşıyev və başqaları da çıxışlarında yüksək diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etdi ki, hazırda dünyanın əksər ölkələrində böhran yaşandığı halda Azərbaycanda böyük sosial layihələr həyata keçirilir. Bütün Respublikada aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir. Son illərdə təkcə rayonun şəhər və qəsəbələriində deyil, ən ucqar dağ kəndlərində görülən işlərin miqyası xeyli artmışdır. Sizin kəndinizin timsalında bunların şahidiyik. Yüksək dağlıq ərazidə yerləşən Pəlikəş kəndinin yolları bərbad olduğu üçün əhali bundan böyük əziyyət çəkirdi. Mövcud olduğu illərdə normal yolu olmayan bu kəndə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu çəkilmişdir. 12 min nəfər əhaliyə xidmət edən 21 km uzunluğunda olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması və 13 aprel 2015-ci ildə bu yolun açılışında ölkə rəhbərinin şəxsən iştirak etməsi cənab Prezidentin ölkənin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasına yüksək diqqət və qayğıyla yanaşdığının bariz nümunəsidir. İllərlə həllini gözləyən bu problemin aradan qaldırılması ilə dağ kəndlərinin minlərlə sakini rahatlığa çıxıbdır. Burada və qonşu kəndlərdə yeni məktəb binaları tikilib istifadəyə verilmiş, körpülər salınmış, elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində işlər görülmüşdür. Bu görülən işlər əhalinin güzəranının yaxşılaşdırılmasına, azad, firavan yaşamasına xidmət edir.
Bir neçə gün bundan əvvəl cənab Prezidentin Astara şəhərindəki park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması barədə verdiyi Sərəncam da dövlət başçımızın Astaraya və astaralılara yüksək diqqət və qayğısının təzahürüdür. Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturları – mehmanxana, hotellər, idman-əyləncə və iaşə obyektləri şəhərə xüsusi yaraşıq verəcəkdir.
Bu gün Pəlikəş kənd sahə xəstəxanasının açılışıdır. Xeyli əvvəllər inşa edilmiş köhnə binada əhaliyə lazımi tibbi xidmət göstərmək mümkün olmadığından, Pəlikəş və ətraf kəndlərin əhalisi rayon mərkəzinə gəlməli olurdu. Burada əhaliylə keçirilən səyyar qəbulda sakinlərin müraciətini nəzərə alaraq Azərbaycan Kənd İnvestisiya Layihəsinin icraçılarını yeni xəstəxana binasının tikintisinə cəlb etdik və nəticəsi göz qabağındadır.
Kənd sakinləri ilə görüşdən sonra Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqvin, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Dünya Bankı üzrə təşkilatçı meneceri Satoşi İşihava, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərovun iştirakı ilə Pəlikəş kənd sahə xəstəxanası üçün inşa edilən yeni binanın açılışı olmuşdur.
İcra başçısı Qəzənfər Ağayev və Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqdin xəstəxananın yeni binasının açılış lentinini kəsəndən sonra burada həkim, tibb işçiləri və xəstələr üçün yaradılmış şəraitlə tanış olaraq tövsiyə və tapşırıqlarını vermişlər.