Bu ilin iyul ayı ərzində 2 milyon 416 min 951 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 678 min 704 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 14 milyon 707 min 802 ton olub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il avqust ayının 1-dək Ceyhan limanından 334 milyon 542 min 401 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.