Məmur təvazökar olmalı, xalqa xidmət etməlidir

“Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.” Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində yer alan bu fikirlər, eyni zamanda, ölkənin idarə edilməsinin yalnız ədalət prinsiplərinə əsaslanmasının bariz nümunəsidir.

Azərbaycanda məmur özbaşınalığı ilə mübarizənin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonraya təsadüf etməsi məlumdur. Məhz həmin dövrə qədər ölkədə məmur özbaşınalığının maksimum həddə çatması  idarəetmədə anarxiya yaratmışdı ki,  bu da onsuz da xalqın dəstəyindən məhrum olmuş AXC-Müsavat hakimiyyətinin  süqutu ilə nəticələnmişdi. Sonrakı dövrdə bu sahədə geniş nizam-intizamın bərqərar olması, normativ-hüquqi bazanın yaradılması Azərbaycanın hərtərəfli inkişaf etməsi ilə yanaşı, xalqımızın ölkə rəhbərliyinə olan inamını daha da artırdı. Əks halda Azərbaycanın dövlət müstəqilliyinin ilk illərindən başlayan və  əksər sahəni cənginə almış tənəzzülün qarşısını almaq mümkün olmazdı.

Bu siyasət Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq özündə müasir texnologiyaları da  birləşdirib. Nəticədə “Elektron hökumət”in, “ASAN xidmət”in yaradılması Azərbaycanda məmur-vətəndaş ünsiyyətini minimuma endirməklə bu sahədə şəffaflığın səviyyəsinin daha da yüksəldilməsinə, neqativ halların aradan qaldırılmasına imkan verir. Bununla belə, hər hansı bir vəzifəli şəxs təkcə öz fəaliyyətinə görə yox, həmçinin himayəsində olanların hərəkətlərinə görə də məsuliyyət daşıyır. Son illərdə ən yüksək vəzifəni tutan şəxslərə belə bu sahədə güzəştə gedilməməsi bunu deməyə imkan verir. Odur ki, “Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var” deyən Prezident İlham Əliyev  Azərbaycanda heç kimin heç bir imtiyazı olmadığını bir daha kəskin şəkildə vurğulayıb: “Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır.”

Nəticədə ölkə başçısının bu sahədə atdığı qətiyyətli addımlar dövlət qurumlarında təmsil olunanların nəinki vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə, əksinə, ayrı-ayrı dövlət qurumlarının üzərilərinə düşən vəzifələri daha da layiqincə yerinə yetirmələrinə şərait yaradır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görülür.

Nəticə etibarilə dövlətimizin başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri Azərbaycanda bütün sahələrdə ardıcıl olaraq həyata keçirilən və  vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasında, hüquq və azadlıqlarının səmərəli təmin edilməsində, etibarlı müdafiəsində, ümumilikdə ölkəmizin davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir.

Ceyhun Piriyev, “İki sahil”