Güclü yağışlar və külək gətirmiş tropik qasırğa Yaponiya üzərində cövlan edir. NHK telekanalının yaydığı məlumata görə, geniş əraziləri əhatə edən qasırğa nəticəsində 2 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Avqustun 7-də günün ikinci yarısında mərkəzi Hönşü adasına çatan qasırğa şimal-şərq istiqamətində hərəkət edir.

Hakimiyyət orqanları sahildə yaşayan əhalini dənizdə gözlənilən nəhəng dalğalardan, dağlıq rayonlardakıları isə daşqın və torpaq sürüşmələrindən qorunmağa çağırır.

Bazar ertəsi günü artıq 450 aviareys təxirə salınıb və yayılan məlumatlara görə, onların sayının artacağı gözlənilir.

Şikoku adasında və onun ətrafında qatarların və avtonəqliyyatın hərəkətində fasilələr yaranıb.

Vüqar Ağayev 

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio