Avqustun 8-də Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukovla görüşüb. Qeyd edək ki, görüş Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində reallaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Ölkəmizdə ilk dəfə səfərdə olan S.Çolukov xoş təəssüratlarını bölüşüb, səfər çərçivəsində ölkələrimiz arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnunluq hissi keçirdiyini bildirib. O, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyini Türkmənistanda keçiriləcək V Asiya Oyunlarına dəvət edib.
Nazim Səmədov öz növbəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun səfərinin ölkələrimiz arasında turizm də daxil olmaqla, əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticə verəcəyinə inandığını bildirib. Nazir müavini turizm sahəsində Azərbaycanda son illərdə görülən işlər haqqında məlumat verib. O, həmçinin Türkmənistan və Azərbaycan arasında viza rejiminin qarşılıqlı sadələşdirilməsi, birbaşa loukost uçuşların təşviqi, Xəzər dənizi üzrə kruiz turizminin inkişafı və bərə vasitəsilə turizm axının intensivləşdirilməsi kimi istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyi təklif edib.
Sonda Nazim Səmədov Türkmənistan tərəfini 2018-ci ilin aprelin 5-dən 7-dək Bakıda keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə dəvət edib.