“Lenovo” şirkəti “K8 Note” smartfonunu təqdim edib.

AZƏRTAC dailycomm.ru saytına istinadən bildirir ki, Çinin “Lenovo” şirkəti tərəfindən təqdim edilmiş “K8 Note” adlı yeni smartfonun əsas özəlliyi 10 nüvəli prosessor, ikiqat arxa kamera və qiymətinin ucuz olmasıdır. Modeldən asılı olaraq qurğu 3 və ya 4 qeqabaytlıq əməli yaddaş, 32 və ya 64 qeqabaytlıq fləş kartla təchiz ediləcək. “MicroSD” dəyişib çıxarılan yaddaş kartlarının qoşulması mümkündür. 5,5 düymlük diaqonala malik displeyin təsvir ölçüsü 1920×1080 piksel təşkil edir. Əəsas kameranın təsvir ölçüsü 13 və 5 meqapikseldir. Ön kameranın təsvir ölçüsü 13 meqapikseldir.
Smartfon, həmçinin “SIM” kartlar üçün iki konnektor, barmaq izi skaneri, “4G VoLTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “GPS” simsiz rabitə modulları və “FM” radio qəbuledicisi ilə təchiz edilib. Aparat “Android 7.1.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Akkumulyator batareyasının tutumu 4000 milliamper/saat təşkil edir.
3 qeqabayt əməli yaddaş və 32 qeqabayt daxili yaddaşa malik “Lenovo K8 Note” modelinin qiyməti 203 dollar təşkil edəcək. Avqust 18-i tarixində bu smartfon satışa çıxarılacaq.