Topaz Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub.
Astarainfo.az Qol.az-a istinadən yaydığı xəbərə görə, çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb. “Neftçi” – “Qarabağ” oyununda (1:3) dörd, “İnter” – “Qəbələ” (1:2), “Zirə” – “Səbail” (2:1) və “Sumqayıt” – “Kəpəz” (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.
1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 25 illik tarixinə nəzər salsaq, əvvəlki 25 mövsümdə yalnız 1 dəfə belə hadisə – ilk turda bütün komandaların qol vurması qeydə alınmışdı. Bu da 5 il öncə yaşanıb. 2012/13 mövsümünün ilk turunun baş tutan 5 matçında iştirak edən 10 komanda çempionata qolla start vermişdi. “Neftçi” ilə “Bakı” arasında qarşılaşmanın təxirə salındığı I turda “Simurq” – “Qəbələ” (1:1), “Sumqayıt” – AZAL (2:2), “Kəpəz” – “Turan” (1:2), “İnter” – “Qarabağ” (1:1) və “Rəvan” – “Xəzər Lənkəran” (1:1) görüşlərində qapıçılar çərçivəsini toxunulmaz saxlamağı bacarmamışdı. Həmin vaxt təxirə salınıb, bir müddət sonra keçirilən qarşılaşmada da hər iki komanda fərqlənmişdi – 1:1.