Rusiya və Türkiyə kinematoqrafçıları “Könlümün sultanı” adlı çoxseriyalı casus melodramının birgə çəkilişinə başlayırlar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Global Connection International Media Group” şirkəti ilə bu barədə razılaşma əldə edilib. Serial Rusiyanın Birinci kanalında göstəriləcək.
Baş hərəm rolunu rusiyalı aktrisa, sultan rolunu türkiyəli aktyor oynayacaq. İyirmi dörd bölümdən ibarət layihənin büdcəsi təxminən 500 min avro məbləğində olacaq.
Əsərin süjet xətti XIX əsrin 20-ci illərinə təsadüf edir. Filmin baş qəhrəmanı – Rusiyanın İstanbuldakı səfirliyinin əməkdaşının qızı Anna Osmanlı sultanı II Mahmudla tanış olur. Hökmdar olduğu cəmiyyətdə Avropa qaydalarının tətbiqinə çalışan sultan qıza övladlarının müəllimi olmasını təklif edir. Anna təklifi rədd etmək istəsə də, atasının rəhbərliyi tərəfindən şantaj olunur. Məcburiyyət qarşısında qalan qız nəinki sultanın evinə köçür, hətta onu güdməyə başlayır.
Sentyabrın axırında “Maya Productions Ltd. Kocaeli Studios”da filmin çəkilişlərinə başlanacaq.
Kinostudiya nümayəndələri əmindirlər ki, yeni layihə “Möhtəşəm yüz il” serialının pərəstişkarlarına çox maraqlı töhfə olacaq.