ABŞ-ın silah-sursat və hərbi təlimlə dəstək verdiyi PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsinə hücum etməsi üçün yeni bir təşkilat qurub.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, 14 avqust 2017-ci il tarixində Tel-Abyadda qurulan “Kuvvet-i Suvvar” bölgədə olan qüvvələrə döyüş elan edib.
ABŞ təşkilata on minlərlə döyüşçünün qatılması barədə təlimat verib. Təşkilatın məqsədi isə bölgədə olan Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunu hədəf almaqdır.
Yeni qurulan təşkilatın sözçüsü minlərlə döyüşçü ilə “Fərat Qalxanı” bölgəsinin Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusundan təmizlənəcəyini açıqlayıb. O, bir ilə yaxınlaşan susqunluq dövrünün sona çatacağını, bütün cəbhələrdə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna hücumun başlanacağını elan edib.
Türkiyəyə qarşı digər bir bəyanatı PYD-nin Minbic üzrə komandiri Camal Əbu Cuma səsləndirib. O, Əl-Baba hücum hazırlıqlarının son mərhələdə olduğunu və bölgəni Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusundan azad edəcəyini söyləyib.
Qeyd edək ki, “Fərat Qalxanı” əməliyyatı 2016-cı il avqustun 24-də Suriyanın şimalındakı Cerablus şəhərinə hücumla başlanıb. Qısa müddət ərzində İŞİD terror qruplaşması Türkiyə sərhədlərindən tamamilə təmizlənib və kürd kantonlarının birləşdirilməsinin qarşısı alınıb.