Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Nizami Gəncəv
i Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin Forumu açıq elan edərək bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunması baxımından bu mühüm tədbirin əhəmiyyətini vurğulayıb.
Son illər elmin, texnologiyanın sürətli inkişafının cəmiyyətdə yeni çağırışlar ortaya qoyduğunu, insanların həyatında mühüm dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıran İ.Serageldin qeyd edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. O, hazırkı şəraitin yeni cəmiyyətin qurulmasında bütün səylərin birləşdirilməsini tələb etdiyini bildirərək gəncləri bu prosesdə fəal olmağa çağırıb.
Sonra Makedoniya Respublikasının Prezidenti George İvanovun Forum iştirakçılarına məktubu oxundu.
Bolqarıstanın sabiq Prezidenti, NGBM-in üzvü Rosen Plevneliev çıxışında dayanıqlı inkişafa, bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsinin vacibliyini qeyd edib. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğulayıb. R.Plenveliev bildirib ki, bu işdə dünyanın ictimai-siyasi xadimləri gənclərlə qarşılıqlı əlaqədə, çiyin-çiyinə fəaliyyət göstərməlidirlər. O, Bakı Forumunu gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirib.
Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərinə böyük məsuliyyət düşür. Xanım Katerina Yuşenko gənc liderlərin bu sahədə yüksək fəallığının, təşəbbüskarlığının və yenilikçi ideyalarının yeni iqtisadiyyatın qurulmasında, sağlam inkişafa nail olunmasında böyük nailiyyətlərin qazanılacağına ümid etməyə əsas verdiyini deyib. Bu prosesdə təhsilin hamı üçün əlçatan olmasının, cəmiyyətdə ümumi rifahın artırılmasının insanların həyatında mühüm dəyişikliklərə səbəb olacağını bildirib.
Müasir dövrdə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli sürüldüyünü vurğulayan Latviyanın sabiq Prezidenti, NGBM-in üzvü Valdis Zatlers bildirib ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək aktual məsələlərin müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət daşıyır. Gənc liderlər bu imkandan istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən yararlana bilərlər.
Forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı iştirak edir. Həmçinin Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi nüfuzlu proqramlar tədbirdə təmsil olunur.
Harvard, Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton, Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun, Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo, Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları da bu mühüm tədbirdə iştirak edirlər. Bundan başqa, Foruma bəzi ölkələrin sabiq dövlət və hökumət başçıları, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da qatılıb.
Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi suallar ətrafında fikir mübadiləsi aparacaqlar.
Qlobal Gənc Liderlər Forumu gənc liderləri sabiq və indiki dövlət başçıları ilə əlaqələndirən, liderliyin bir çox meyarlarını tədqiq edən yeni platformadır.