Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur,” – deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı taleyüklü qərarlar qəbul edib, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.
Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdrikliklə və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illər ölkəmizdə mühüm iqtisadi islahatlar aparılır.
Dövlət başçısının aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində bəyan etdiyi kimi, sahibkarlığın inkişafı dövlət üçün prioritet məsələlərdən biridir və bu sahəyə daim siyasi və metodiki dəstək göstərilir.
Ümumilikdə isə özəl sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına, yeni müəssisələrin yaradılması ilə işsizliyin azaldılmasına, iqtisadi problemlərin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, rəqabətədavamlı sənaye məhsullarının istehsalına yönəlib.
Əminliklə demək olar ki, son illər sənayeləşmənin şaxələndirilməsi ilə bağlı siyasətin daha da gücləndirilməsi ağır sənayenin bazasının möhkəmlənməsinə, böyük sənaye şəbəkəsinin formalaşmasına səbəb olub. Azərbaycan bu sahənin ən qabaqcıl və yeni sahələri üzrə layihələrin icrasına başlayıb, modern innovasiyaların tətbiqini genişləndirib.
Həmin müəssisələrdən biri də müxtəlif çeşidli növlü poladların, yeni texnologiyaların tətbiqi ilə korroziyaya davamlı, dənizdə, quruda, inşaatda, qaz və su boru xətlərində istifadə edilən polad boru və müxtəlif ölçülü profillər istehsal edən “Bakı İnşaat Sənaye” ASC-dir.
Müəssisə ilə ilk tanışlıq bir jurnalist kimi məndə böyük təəssürat yaratdı. Burada hər şey insanların rifahı naminə düşünülüb. Ərazidə yaradılmış səliqə-sahman göz oxşayırdı. Paytaxtın Keşlə qəsəbəsində yerləşən müəssisədə 200-dən artıq işçi çalışır. ASC-nin idarə heyətinin sədri Ramiz Əhmədovla söhbətimiz də rəhbərlik etdiyi qurumun fəaliyyəti barədədir.
Ramiz Əhmədov bildirdi ki, “Bakı İnşaat Sənaye” ASC-nin yaradılmasında məqsəd ölkəmizdə ağır metallurgiya sahəsində müxtəlif ölçüdə şveller, künclük, kvadrat və zolaqlar, boru-profil hazırlanması, ölkə bazarında böyük tələbat olan metal məmulatlarının istehsalı, həmçinin yeni iş yerlərinin açılması ilə gənclərimizin və yüksək ixtisaslı kadrların işlə təmin olunmasıdır. Müəssisədə metal məmulatlarının istehsalı müasir avadanlıqlarla və keyfiyyətli xammaldan istifadə etməklə həyata keçirilir. Bu isə məhsulların uzunömürlülüyünə, kənar təsirlərə qarşı davamlı olmasına imkan verir.
“Bazar iqtisadiyyatında azad rəqabətə girmək üçün bizim gücümüz və potensialımız kifayət qədərdir. Səhmdar cəmiyyəti xaricə yüksək keyfiyyətli və ucuz mal çıxarmaqla hazırda Gürcüstan bazarında liderlik mövqeyinə malikdir. Həmin bazarda Rusiya, Ukrayna və Ermənistanın analoji məhsulları müəssisəmizin məhsulları ilə rəqabət apara bilmir”, – deyən R.Əhmədov vurğuladı ki, daha keyfiyyətli məhsullar ixrac etmək üçün xaricdən müasir avadanlıqlar gətirmək günün tələbidir. İnnovativ texnologiyaların alınması isə yüksək keyfiyyətli və rəqabətə davamlı polad məhsulların istehsalına imkan verəcək.
Rəhbərlik etdiyi qurumun yaxın 3-4 ildə Rusiya Federasiyasından idxal olunan məhsullardan asılılığının daha da azalacağını söyləyən idarə heyətinin sədri müəssisənin məhsullarının qonşu ölkələrə də ixrac ediləcəyini bildirdi. Onu da qeyd etdi ki, səhmdar cəmiyyəti metallurgiya sahəsində yeni layihələr həyata keçirməyi planlaşdırır.
O, daxili bazarda da müəssisənin məhsullarının xüsusi çəkisi olduğunu söyləyərək əlavə etdi ki, gələcəkdə yeni istehsal sahələri açmaq, iş yerlərinin sayını artırmaqla dövlət büdcəsinə daha çox vəsait ödəniləcək, bununla da respublikaya daha çox valyuta gələcək: “Müəssisənin xaricə 500 ton məhsul satması 250 min dollar valyuta deməkdir. Bizim metal məmulatlarımıza Gürcüstanda və İranda böyük tələbat var. Çünki həm keyfiyyətli, həm də digər ölkələrlə müqayisədə ucuzdur. Bundan əlavə, Rusiya və Ukraynadan mallar 40-50 günə gəlirsə, müəssisə malları 3-5 günə yerinə çatdırır…”.
Ramiz Əhmədovun sözlərinə görə, bu amillər müəssisənin xarici bazarda rəqabətə davamlılığını artırmaqla, onun imicinin yüksəlməsində əhəmiyyətli rol oynayır.
Söhbətimizi müəssisənin istehsal sahəsində davam etdirməyi qərara aldıq.
Sahədə, sözün əsl mənasında, qızğın iş gedirdi. Burada təhlükəsizlik qaydalarına ciddi riayət olunması elə ilk andan diqqətimi cəlb etdi. Xüsusi geyimlə təchiz olunan fəhlələr gündəlik olaraq təhlükəsizlik texnikası ilə bağlı təlimatlandırıldıqdan sonra işə buraxılırlar.
İş prosesi ilə tanış olduqdan sonra Ramiz Əhmədov dedi ki, ASC metal tökümünün fasiləsiz aparılması üçün xaricdən, əsas etibarilə Çindən və Türkiyədən qurğu və avadanlıqlar sifariş verib. Çünki Çin və Türkiyə ağır metallurgiya sahəsində dünyada öndə gedən ölkələrdən sayılır. Qurğu və avadanlıqların bir hissəsi sifariş əsasında Türkiyədə hazırlanır. Metal tullantılarını isə müəssisə fiziki şəxslərdən alır. Xarici avadanlıqların qurulması nəticəsində ərinmiş metaldan fasiləsiz olaraq istənilən ölçüdə standart pəstahlar istehsal ediləcək.
ASC sədrinin dediyinə görə, sözügedən avadanlıqların rentabelliyi böyükdür: “Tikinti, neft-qaz, müdafiə sənayesi sahəsində neft avadanlığı, yüksək təzyiqli armaturlar istehsal edən fasonlu tökmə sahəsi isə təqribən 5-6 aya fəaliyyət göstərəcək. Türkiyə və Çin şirkətlərinin mütəxəssisləri müəssisəyə gələrək məhsullarımızla tanış olub və fəaliyyətimizi yüksək dəyərləndirib. Daha sonra birgə əməkdaşlıqla bağlı müqavilələr imzalamışıq”.
Bütün quruculuq işlərinin yerli və peşəkar mütəxəssislərin köməyi ilə görüldüyünü diqqətə çatdıran R.Əhmədov onların işindən razı qaldığını da gizlətmədi.
ASC-nin müasir laboratoriyası istənilən metalın tərkibini analiz edərək, onun içərisindəki kimyəvi maddələrin miqdarını göstərir. Buraxılan məhsulların kimyəvi tərkibinə ciddi nəzarət olunur və metalda hansısa maddələr çatışmadığı halda əlavələr edilərək lazım olan tərkib alınır. İsveçrə istehsalı olan laboratoriya avadanlığının qiyməti 125 min dollardır.
Bu barədə isə laboratoriyanın rəhbəri məlumat verdi.
İndiki dövrdə tərkibi beynəlxalq standartlara uyğun gəlməyən keyfiyyətsiz məhsulların heç bir şirkət tərəfindən qəbul olunmadığını deyən həmsöhbətim xarici tərəfdaşlar tərəfindən də metal məhsulları ciddi şəkildə yoxlanıldıqdan sonra müqavilə bağlandığını nəzərə çatdırdı.
Odur ki, ASC-nin həm xarici tərəfdaşları, həm də yerli müəssisələr burada istehsal olunan dəmir məmulatların yüksək keyfiyyətinə əmindir və bu da öz növbəsində mövcud olan işgüzar əlaqələrin daha da möhkəmlənməsini, onların coğrafiyasının genişləndirilməsini şərtləndirir.
Daha bir maraqlı məlumatı oxucuların nəzərinə çatdıraq ki, hazırda müəssisənin mövcud istehsal sahələrinin genişləndirilməsi, yeni, müasir avadanlıqların gətirilməsi ilə bağlı biznes plan hazırlanaraq müvafiq qaydada baxılması üçün İqtisadiyyat Nazirliyinə təqdim edilib.
Biznes plana görə, “Bakı İnşaat Sənaye” ASC tərəfindən metal məmulatlarının istehsalı sahəsinin yaradılması layihəsi gündəmdədir. Bu çərçivədə neft maşınqayırması sahəsində istifadə olunan siyirtmə və armaturların, o cümlədən müxtəlif texnoloji avadanlıqların və onların hissələrinin, dəmir yolu yükdaşımalarının nəqliyyat hissələrinin, metallurgiya sənayesində prokat valların, su və kanalizasiya qapaqlarının tökmə yolu ilə hazırlanması həyata keçiriləcək.
Həmçinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 yanvar tarixli Fərmanına əsasən, sahibkarlar üçün yaradılan güzəştləri nəzərə alaraq “Bakı İnşaat Sənaye” ASC ölkədə metallurgiya məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə investisiya fəaliyyətinə başlamaq niyyətindədir. Bu istiqamətdə artıq bir sıra işlər də görülüb.
İnvestisiya layihəsinin ümumi dəyəri 5 milyon 600 min manat təşkil edir ki, bu işlərin 7 il ərzində reallaşdırılması nəzərdə tutulub. Dövlət başçısının daha bir Fərmanına əsasən, investisiyanın həyata keçiriləcəyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ müəyyənləşdirilib. Həmin məbləğ 5 milyon manat təşkil edir.
İnvestisiya layihəsi çərçivəsində ASC tərəfindən fasiləsiz pəstah tökmə sahəsi yaradılacaq ki, onun da illik əritmə gücü 60 min tona çatacaq. Eyni zamanda, metal məmulatları istehsalı sahəsinin yaradılması layihəsi çərçivəsində 170 işçinin çalışması nəzərdə tutulur.
Bir sözlə, yeni investisiya layihəsi iş yerlərinin yaradılmasında və məşğulluğun artırılmasında “Bakı İnşaat Sənaye” ASC-nin ölkə iqtisadiyyatına verəcəyi mühüm töhfələrdən biridir.
Söhbət zamanı müəssisə rəhbəri qeyd etdi ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə ölkəmizin bütün bölgələrində müasir məktəblər, digər obyektlər tikilir. Sözügedən binaların, müxtəlif təyinatlı obyektlərin tikintisində “Bakı İnşaat Sənaye” ASC-nin də istehsalı olan dəmir profillərdən, şvellerlərdən və digər məmulatlardan istifadə olunur.
Müəssisədə işçilər üçün müasir yeməkxana da fəaliyyət göstərir. Nahar fasiləsində əməkdaşlar hər gün pulsuz olaraq müxtəlif çeşidli təzə yemək, meyvə və tərəvəzlərlə təmin olunurlar. ASC rəhbərliyinin “İşçilər yaxşı qidalanmaqla yanaşı, gözəl də istirahət etməlidirlər” devizi burada çalışan hər bir insanı daha yaxşı işləməyə sövq edir.
ASC-nin idarə heyətinin sədri sonda vurğuladı ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət iş adamları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların xeyli liberallaşdırılması, ölkədə bəzi məhsullara ixrac rüsumlarının ləğv edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması bu dəstəyin bariz nümunəsidir.
Belə ki, 2016-cı il aprelin 20-də dövlət başçısının müvafiq Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunub. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, investisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinəazad ediliblər.