Alimlər daşlaşmış qalıqları 2004-cü ildə Cənubi Amerikada aşkar edilmiş və 2015-ci ildə “Chilesaurus” olaraq təyin olunmuş növün dinozavrların nəsil ağacının “keçid üzvü” ola biləcəyi ideyasını irəli sürüblər.

AZƏRTAC “Biology Letters” jurnalına istinadla xəbər verir ki, İngiltərənin Kembric Universiteti və London Təbii Tarix Muzeyi nəzdində həyata keçirilən araşdırmada “Chilesaurus”un tam olaraq hansı ailəyə daxil olduğunun müəyyənləşdirilməsi üçün 450-dən çox dinozavr cinsinin anatomik xüsusiyyətləri incələnib.

Tədqiqatlar onu deməyə əsas verib ki, “Chilesaurus” iki ayaqlı olması ilə “Theropods”a bənzəyir, ancaq uzun, düz dişlərinə görə otyeyəndir. Bundan əlavə, o, quşlara bənzər omba sümüyünə görə isə “Ornithischia” ailəsi ilə eyni xüsusiyyətlərə malikdir.

Araşdırmalar nəticəsində fərqli növlərin xüsusiyyətlərinə malik “Chilesaurus”un ətyeyən və otyeyən iki əsas qrup arasında keçid üzvü ola biləcəyi ehtimal edilir