OPEC və qeyri-OPEC ölkələri iyulda neft hasilatının azaldılması üzrə öhdəliyə 94 faiz əməl edib

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr iyulda neft hasilatının azaldılması üzrə öhdəliyə 94 faiz əməl edib.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC+ ölkələrin nümayəndələrinin Avstriyanın paytaxtı Vyanada keçirilən görüşündə məlumat verilib. Bildirilib ki, öhdəliyə əməl olunması səviyyəsinin azalması nəticəsində ötən dövrdə neftin qiyməti təxminən 2 faizədək ucuzlaşıb. İyunda öhdəliyə sadiqlik göstəricisi 98 faiz olub.

Qeyd edək ki, neft hasilatının azaldılması sazişinə nəzarət üzrə nazirlərin monitorinq qrupuna Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir və qrup 2 aydan bir toplaşır.

Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.